Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə dekabrın 6-da Naxçıvanda baş tutacaq "Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır mövzusunda konfransda iştirak etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş beynəlxalq tədbirlərin ardınca Naxçıvanda keçiriləcək konfransda Milli Məclis üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Konfransın məramı ölkəmizin dünya müstəvisində nüfuz və önəminin artmasına dəlalət edən, Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi - Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin elan olunması kimi tarixi əhəmiyyətli qərarların bünövrəsində duran Heydər Əliyevin uca mənəviyyat yolunun, Heydər Əliyevin dini həmrəylik ənənəsinin yad edilməsidir.
Naxçıvan konfransının İslam Həmrəyliyi Ili çərçivəsində keçirilmiş tədbirlər silsiləsində özəl yeri onun Ulu Öndərin anım günləri, qarşıdan gələn 95 illik yubileyi ərəfəsində keçirilməsi, habelə Naxşıvanın 2018-ci ildə İslam mədəniyyəti paytaxtı statusu alması ilə əlaqədardır.
QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları -” Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete də Naxçıvana səfər edəcəklər.
Naxçıvana səfər çərçivəsində nümayəndə heyətinin bir sıra tarixi və dini əhəmiyyətli məkanları ziyarət etməsi nəzərdə tutulur.