Tezliklə Nardaran sakinləri keyfiyyətli multimedia xidmətləri ilə təmin olunacaq.

Bu barədə unikal.org-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") telekommunikasiya infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini mərhələli şəkildə davam etdirir. İkinci mərhələdə Nardaran-Maştağa yolundakı "Qayaüstü" adlanan ərazidə NGN tipli EATS quraşdırılıb ki, burada 384 nömrə tutumlu və portlu müasir avadanlıqlarla əhaliyə rabitə xidmətləri göstərilir.

Yeni EATS-da şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq hava-rabitə xətləri zədəyə davamlı müasir standartlara cavab verən kabellərlə əvəz olunub və yeraltı kabel-kanal infrastrukturuna köçürülüb.

Tezliklə Nardaran qəsəbəsinin rabitə infrastrukturu olmayan ərazilərində məskunlaşan əhali simsiz rabitə texnologiyası (LTE) vasitəsilə keyfiyyətli multimedia xidmətləri ilə təmin olunacaq.

Qeyd edək ki, ilkin mərhələdə Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatı qismən ödənilmişdi. Belə ki, ərazi üzrə ümumilikdə tutumu 512 nömrə olan və 288 portlu genişzolaqlı avadanlıqlar quraşdırılaraq abunəçilərin istifadəsinə verilmişdi. Hazırda Ləhiş bağlarından Bilgəhə doğru ikinci istiqamətdə tələbata uyğun olaraq yeni xətt qurğularının tikintisi aparılır.

Milli.Az