"Biz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcəyik".
Unikal.org-un məlumatına görə, bunu Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 1-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əfqanlar buraya gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar: "Bunların əyani sübutu "ASAN xidmətdir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı və o, Rabitə Nazirliyinin tabeliyinə verildi. Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır. Mən Çikaqoda keçirilmiş NATO konfransındakı çıxışınızı xatırlayıram. Həmin vaxt Siz ilk dəfə olaraq "Şimal dəhlizi və böyük sərmayələr proqramını qeyd etdiniz. Cənab Prezident, Sizin gördüyünüz işlər, sadəcə desək, NATO-nun missiyasını mümkün etdi. Bakı əməliyyatları ən sürətlə icra edən məkan nüfuzunu qazandı. NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər. Heç kəsin heç bir problemi olmadı. İndi isə həmin dəhliz müdrik rəhbərliyiniz və göstərişlərinizlə bir tərəfdən Lapis-Lazuli yoluna, digər tərəfdən isə multimodal daşımalar sisteminə çevrilir. Onun sayəsində biz Avropaya, Sizin ölkəyə və əksinə çıxış əldə edirik. Bu, uzaqgörənliyin və müdrikliyin, rəhbərlik keyfiyyətlərinin, olduqca böyük diqqətin bariz nümunəsidir. Siz bu keyfiyyətlərlə tanınırsınız və biz onların sayəsində nəticə qazanırıq".
"Biz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcəyik. Dəstək verməyə hər zaman hazırıq. Biz hərbi qulluqçularınızın sayının artırılması ilə əlaqədar bu yaxınlarda Brüsseldə bəyan etdiyiniz qərarı çox yüksək qiymətləndiririk. Hərbçiləriniz mübarizdirlər, şərəflə xidmət edirlər. Bu, bizim üçün böyük şərəfdir. İqtisadi gündəlik olduqca genişdir, çoxşaxəlidir və böyük fayda gətirir. Orada olan məsələlərin hər birinin işlənib hazırlanmasından etibarən, söyləyə bilərəm ki, yaratdığımız çərçivə bizi daha da yaxınlaşdırır. O, Azərbaycan biznes dairələrini, dövlət şirkətlərini ölkəmizə gətirir. Əlbəttə, vaxt keçdikcə Azərbaycan və Əfqanıstan xalqları daha böyük harmoniyaya nail olacaqlar, dostluq, tərəfdaşlıq və qarşılıqlı fayda dəyərlərini artıracaqlar. Yaradılmış işçi qrupu indicə imzalanmış sazişlər baxımından öz işini davam etdirəcək. Çox səmimiyyətlə arzulayırıq ki, Azərbaycanın özəl və dövlət sektoru ölkəmizə gəlsin. Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılmış dəyişikliklər təcrübəsi, sənaye inkişafı və xüsusən də yaradılmış Neft Fondu - əla misallardır. Çünki Əfqanıstandakı vəziyyət Azərbaycanın müharibədən sonrakı durumla üzləşdiyi çağırışlarla eynidir. Digərləri bunu görmür. Azərbaycanın durumu inkişaf, fayda gətirən gələcək durum kimi götürülə bilər", - dövlət başçısı deyib.