Xuliqanlıq etməkdə təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun , onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Binəqədi rayon Məhkəməsində keçilən prosesdə Rüstəm Orucovun vəkili Kamandar Nəsibov çıxışında təqsirləndirilən şəxslər Kənan Vəliyev və Pərviz Abbasova qarşı irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmadığına görə bəraət verilməsini istəyib: "Hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs Orucov Rüstəm Novruzəli oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilsin və maddənin Orucovun həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən və zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad olunsun"
Kənan Vəliyevin vəkili İlyas Kərimov çıxışında müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Pərviz Abbasovun vəkili Sadiq Rəsulov da çıxış edib. Vəkil çıxışında müvəkkilinə bəraət hökmünün çıxarılması xahiş edib.
Məhkəmə dekabrın 6-da davam edəcək.
Xatırladaq ki, prokuror çıxışında Rüstəm Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər təqsirləndirilən iki nəfər barəsində isə həbs qətimkan tədbiri seçilməyib.