Noyabrın 29-da Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 27-ci iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmtindən Unikal.org-a verilən məlumata görə, MDB prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Baş prokurorun birinci müavini çıxışında Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdiyini vurğulayaraq, "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli sərəncamdan sonra ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanunu ölkəmizin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsi, eyni zamanda cinayət təqibi və cəzaların icrası sahəsində hüquqi islahatların yeni mərhələsidir.
Ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti barədə məlumat verən nümayəndə heyətinin rəhbəri Azərbaycan prokurorluğunun ibtidai istintaq və məhkəmələrdə dövlət ittihamının müdafiəsi sahələrində mütərəqqi təcrübə əldə edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun davamlı şəkildə öyrənilərək tətbiq edilməsinə xüsusi önəm verildiyini qeyd edib.
İclasda, həmçinin "Mədəni irsin qorunmasında dövlətin məsuliyyəti və prokurorluğun rolu (Belarus Respublikası), "Cinayət prosesinin sadələşdirilməsi və tezləşdirilməsi (Qazaxıstan Respublikası), "İşgəncələrə qarşı mübarizə (Qırğızıstan Respublikası), "Prokurorluq orqanlarında informasiya təminatı işinin təşkili: yeni metod və formalar (Rusiya Federasiyası), "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə (Tacikistan Respublikası), "Sahibkarların hüquq və qanuni mənafelərinin qorunması (Özbəkistan Respublikası) və sair mövzularda çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.
Yekunda Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka növbəti bir il müddətinə yenidən Şuranın sədri seçilib və təşkilatın 2018-ci ildəki iclasının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilməsi qərara alınıb.
Noyabrın 30-da Beynəlxalq Prokurorlar Assosiasiyasının Sankt-Peterburqda yerləşən ilk regional ofisinin açılış mərasiminə qatılan Azərbaycan nümayəndə heyəti qurumun Prezidenti Gerhard Yaroş, icraçı direktoru xanım Yanne Hübner və digər rəsmi şəxslərlə görüş keçirib.
Nümayəndə heyətimiz həmin tədbirdə, eləcə də Sankt-Peterburqda eyni vaxtda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 15-ci iclasında iştirak edən ölkələrin, o cümlədən Rusiya, Çin, Pakistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Tacikistanın nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.