Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Ziyəddin İsmayıl oğlu Əliyevi təyin edib.
İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, hazırda Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Zeynal Nağdəliyev yeni təyin olunmuş icra başçısını qurumun kollektivinə və rayon ictimayyətinin nümayəndələrinə təqdim edir.
Zeynal Nağdəliyev icra başçısının təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.
Yeni təyin olunmuş icra başçısı Ziyəddin Əliyev çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
Hazırda tədbir davam etdirilir.
Qeyd edək ki, yeni təyin olunan icra başçısı "Azərvtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olub. O, bu qurumda yüksək vəzifələrdə çalışıb. Prezident İlham Əliyevin bu ilin fevral ayında verdiyi sərəncamla Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis fəxri adını verib.