Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi çox böyük bir hadisədir.
Unikal.org xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Ç.Hüseynzadə bildirib ki, F.Qayıbovun UEG prezidenti seçilməsi Azərbaycanın gimnastika sahəsində gördüyü işlərin nəticəsidir: "Bunu şəxsən Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevanın gimnastikanın inkişafında göstərdiyi xidmətlərin nəticəsi kimi qiymətləndirmək olar".
Ç.Hüseynzadə qeyd edib ki, dünya gimnastikasında Azərbaycanın xüsusi rolu var: "Bakıda gimnastika ilə bağlı böyük yarışlar keçirilib və qarşıda da keçiriləcək. Bütün bunlar əlbəttə ki, öz təsirini göstərib və mən bu uğur münasibətilə bütün Azərbaycan idmansevərlərini təbrik edirəm".
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.