Mətbuat Şurası jurnalist Tatyana Çaladzenin ölümü ilə bağlı nekroloq yayıb.
Mətbuat Şurasından unikal.org-a daxil olan nekroloqda deyilir:
"Azərbaycanın əməkdar jurnalisti Tatyana Çaladze vəfat edib. Mərhunun doğmalarına, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı veririk.
Tatyana Çaladzenin Azərbaycan, xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin çatdırılmasında xidmətləri böyükdür. Buna görə onu fədakar qələm sahibi adlandırmaq mümkündür. O, 1992-ci ildə məhz Qarabağ münaqişəsini işıqlandırmaq üçün doğulub boya-başa çatdığı və jurnalist kimi çalışdığı Latviyadan ölkəmizə gəlib. Müharibənin canlı şahidinə çevrilib, döyüşlərdə yaralanıb.
T.Çaladze çoxsaylı məqalələrində Qarabağ konfliktinin tarixini, erməni separatçılığının ideoloji tərəflərini geniş təsvir edib, Azərbaycanın ədalətli mövqeyinin fəal təbliğatçısı olub. Mərhumun 2014-cü ildə çapdan çıxmış "Karabaxskaya oteçestvennaya: Oni umirali çestno kitabı bu baxımdan xüsusi qiymətləndirilir.
Əməkdar jurnalist Tatyana Çaladzenin vəfatı Azərbaycan jurnalistikası və ictimai fikri üçün böyük itkidir. Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri jurnalisti tanıyan, onun sənətinə dəyər verən hər kəsin üzüntüsünü bölüşür, bir daha dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!