20 yaşlı qızın əməliyyatdan sonra ölməsi ilə bağlı cinayət işi açılıb.
Bakı şəhər prokurorluğundan unikal.org-a verilən məlumata görə, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Grand Hospital tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.
Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilib.
Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.