Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, bu, Vüqar Ramin oğlu Əhmədovdur.

Bununla da, AMB-nin baş direktorlarının sayı 6-ya çatıb.

Xatırladaq ki, V.Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub, 1999-cu ildə Azərbaycan Dövlət Dillər İnstitutunu "Dilşünaslıq tərcüməçi-referent ingilis dili ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetini "Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə, 2006-cı ildə isə ABŞ-nın Vaşinqton Universitetini "Tətbiqi iqtisadiyyat ixtisası üzrə magistr pilləsini bitirib, 2008-ci ildə həmin universitetdə İqtisadiyyat üzrə Fəlsəfə Elmləri Doktoru (Ph.D) alimlik dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1998-ci ildə Kənd Təsərrüfatı Nazirliyində aparıcı mütəxəssis-tərcüməçi vəzifəsində başlayıb. 1998-2004-cü illərdə nazirlikdə baş mütəxəssis-tərcüməçi, baş məsləhətçi vəzifəsində, dövlət qulluğunun kiçik müşaviri dərəcəsi ilə işləyib. 2009-cu ildə AMB-də Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsində işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə qurumun Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru vəzifələrində, 2013-2017-ci illərdə Mərkəzin direktoru vəzifəsində işləyib.

Ailəlidir, 2 övladı var.