Azərbaycanda prokurorluq orqanı əməkdaşlarının bir neçə maddə üzrə səlahiyyətləri artırılır.

Unikal.org-un məlumatına görə, bununla bağlı "Prokurorluq haqqında qanunun 4-cü (Prokurorun fəaliyyət istiqamətləri) və 21-ci (Prokuror aktlarının növləri) maddələrinə əlavələr edilir, 27-ci maddə dəyişdirilir.

4-cü maddəyə təklif edilən əlavəyə görə, prokuror qanunla nəzərdə tutulmuş qaydada və hallarda eyni zamanda səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından da protest verə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edə biləcək.

Eyni müddəalar 21-ci maddəyə da əlavə edilir.

4-cü və 21-ci maddəyə edilən əlavələrlə əlaqədar 27-ci maddənin adı dəyişdirilərək bu redaksiyada verilir: "Məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest.

Maddənin mövcud adı belədir: "Məhkəmə qərarlarından protest.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.