Azərbaycan bankları öz kredit borclarını ödəməyə gücü çatmayan müştərilərin vergilərdən azad edilməsini təklif edirlər. 

Unikal.org xəbər verir ki, bunu trend-ə bank dairələrindən mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu məsələni bugünkü görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasiyasının nümayəndələri və yerli bankların rəhbərləri müzakirə ediblər.

Mənbə bildirib ki, söhbət vergi ödənişindən müvəqqəti və ya tamamilə azad edilmədən gedir. Lakin mənbə öz kredit borclarını ödəməyə gücü çatmayan müştərilərin məhz hansı vergilərdən azad edilməsinin təklif olunduğunu dəqiqləşdirməyib.

Görüşdə səsləndirilən digər təkliflər arasında problemli aktivlərin idarə olunması mexanizminin yaradılması və "Bakı yanaşmasının" hazırlanmasıda olub. Bu yanaşma "London yanaşması" və ya "İstanbul yanaşması" analogiyası üzrə yaradıla bilər.

Bunun mahiyyəti müştərilərin borclarını ödəməyinin asanlaşdırılması üçün problemli kreditləri restrukturizasiya etmək və kredit verilməsinin şərtlərini yenidən nəzərdən keçirməkdən ibarətdir.

Eyni zamanda, "Bakı yanaşması" çərçivəsində müştərinin müxtəlif banklarda ödənilməyən kreditləri varsa, banklar birgə müştərinin kreditini restrukturizasiya edə bilərlər.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə ödəniş vaxtı keçmiş borcların həcmi 1 889,6 milyon manat təşkil edib və bu ötən ilin analoji dövrü ilə müqayisədə 37,4 faiz daha çoxdur. Ödəniş vaxtı keçmiş borclar banklar və qeyri-bank kredit təşkilatlarının ümumi kredit portfelində 15,55 faiz pay təşkil edib.