Kapital Bank 6 dekabr tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən keçirilən "Azərbaycanda etika və komplayns adlı birinci konfransın rəsmi tərəfdaşı olub.
Unikal.org xəbər verir ki, konfransda AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və İnformasiya təminatı İdarəsinin prokuroru Elnur Hümbətov və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdə həmçinin Kapital Bank-ın əməkdaşı Kamil Lətifov da çıxış edib. Çıxışı zaman maliyyə və qeyri-maliyyə təsisatlarında, xüsusilə də banklarda komplayns sisteminin qurulmasının vacibliyindən, son dövrlər ölkəmizdə komplayns sahəsinin möhkəmlənməsinə və inkişafına xüsusi önəm verilməsindən, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahəyə nəzarətinin güclənməsindən söhbət açıb. Həmçinin bildirmişdir ki, Kapital Bank-da beynəlxalq qurumların (FATF, MONEYVAL və s.) müəyyən etdiyi standartlara uyğun komplayns sahəsi qurulub və təkmilləşdirilməsi üzərində işlər aparılır.
Qeyd edək ki, tədbir zamanı çıxış edən qonaqlar Azərbaycanda tətbiq edilən biznes təcrübələrinin müvafiq qanun, qayda və etik biznes davranışı prinsiplərinə uyğunluğunun təmin edilməsi və ölkənin biznes ictimaiyyəti daxilində komplayns mədəniyyətinin inkişafı baxımından vacibliyini vurğulayıblar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.