Bu gün Bakı Apellyasiya Məhkəməsində blogger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda M. Hüseynovun vəkilləri Fəxrəddin Mehdiyev və Fuad Ağayev çıxış ediblər. Onlar M. Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

İclasda çıxış edən xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov isə şikayətin təmin edilməməsini istəyib.

M. Hüseynov isə çıxışında ittihamı əsassız adlandırıb və bəraət hökmünün çıxarılmasını xahiş edib. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib.

Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, sentyabrın 29-da Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.


Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.


Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.