Aprelin 2-də Cəbrayıl istiqamətindəki döyüşlərində həlak olmuş Ermənistan ordusunun 33 yaşlı podpolkovniki Aleksan Arakelyanın ailəsi onlara verilən mənzildən imtina edib.
Unikal.org "armversion.am" saytına istinadən yaydığı məlumata görə, Ermənistan Respublikaçılar Partiyasının deputatı Arman Sahakyan tərəfindən "SOS Gümrü" layihəsi əsasında tikilən mənzillərin əsgər ailələrinə verilməsi, o cümlədən evi olmayan Aleksan Arakelyana da ev verilməsi qərara alınıb. A. Arakelyanın həyat yoldaşı və iki uşağı hazırda kiçik mənzildə yaşayır. A. Arakelyan Gümrüdə mənzil ala bilmək üçün sağlığında Müdafiə Nazirliyinə müraciət etmişdi. O öldükdən sonra ev məsələsi həll olunmasına baxmayaraq, ailəsi evdən imtina edib.
A. Arakelyanın atası Gevorq Arakelyan deyib ki, oğlunun ailəsinə verilən evin onun evinin yaxınlığında olmasını istəyirdi, çünki bu halda nəvələrini daha tez-tez görə bilərdi: "Bir tərəfdən başsağlığı verirlər, bir tərəfdən də qəhrəmanın evi xeyirli olsun deyirlər. Bu mənzil görəsən hansı ünvandadır, nə şəraitdədir? 16 il xidmət eləməyinin qarşılığında bu cür "tula payı" verirlər?! Getdi öldü, qarşılığında bu cür rəftar edirlər?! Yox, bağışlamıram. Mənə reqlamentlər lazım deyil, reqlamentlərdən toxam. Alikin ailəsi, yetim uşaqları mənimlə bu balaca otaqda yaşayır. Oğlum 16 il xidmət edib, amma 160 min dramlıq avtomobili olmayıb. Belə kompensasiya ödəyirsiniz? Özünüz 200 min dollarlıq maşın sürürsünüz, çoxmərtəbəli eviniz var. Qəhrəmana bu cür hörmət etmirlər. Bütün instansiyalara müraciət edəcəyəm. Bütün diasporanı bir-birinə qatacağam. Bu məsələ düzgün həll olunmalıdır. Bu oğlanın qanı hələ burdadır. Neçə uşağın həyatını xilas etdi. Əli qırıldığı halda sağ əli ilə "Kalaşnikov"la türkün qanını tökdü. Kimin üçün elədi bunu?! Sizin üçün etdi ki, belə edəsiniz?! Lazım deyil. Mən istəmirəm. Vicdanımın bir az da olsa rahat olması üçün nəsə edərdim, amma ağzımı bağlayacaqlar. Məzar məsələsi necə olacaq? Müdafiə Nazirliyindən adamlar gəlib ölçəcək? Mənə onların özləri də, pulları da lazım deyil. Oğlumun qəbrini özüm düzəldəcəyəm. Onlar qoy pullarını kazinoda, kafedə, barda istifadə eləsinlər. İstər paltar, mebel alsınlar, istər nə eləyirlər eləsinlər, mənə lazım deyil onların pulu. Mən bu evi də satıb, oğlumun qəbrini düzəldərəm".
G. Arakelyan ona qaranlıq qalan məsələlərdən də danışıb. Ona təəccüblü gələn şey Cəbrayıl istiqamətində bir neçə mövqenin Azərbaycan ordusu tərəfindən tutulduğu halda, polkovnik Hovik Abrahamyanın A. Arakelyanı o mövqelərə göndərməsidir: "Komandir oğlumu "qanlı" əraziyə göndərdi. Sualım polkovnik Hovik Abrahamyanadır. Tankın akkumulyatorlarını kimə satdın? "BMP"lərdə solyarka əvəzinə su var idi. Solyarkanı kimə bağışladın? Batalyonda, polkda donuzlar gəzir. Donuzlar kimindir? Əlbəttə, komandirin".
Hərbçi atasının sözlərinə görə, oğlu ölümündən sonra "Döyüşçü xaçı" ordeni ilə təltif olunmayıb. Həlak olanların orden və medallarla təltif edilməsi ilə Sünik meri Surik Xaçatryan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Qorik Hakopyan məşğul olub. G. Arakelyan oğluna verilən "Qəhrəmanlıq medalı"nı da geri qaytarmaq istəyir. Çünki Müdafiə Nazirliyindən hər hansı nümayəndə hörmət əlaməti olaraq gəlib onu ailəyə təqdim etməyib.