Bir neçə gün öncə "Avtovağzal" stansiyasında fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan lift açılışdan iki gün sonra sındırılıb. Bu barədə ANS PRESS-ə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, həmin lift fiziki qüsurlu insanlar üçün nəzərdə tutulsa da ondan sağlam insanlar daha çox istifadə edirlər.

"Həmin lift "Avtovağzal" stansiyasında tikilərkən onu sağlamlığında məhdudiyyət olan insanlar üçün nəzərdə tutmuşduq. Amma ondan hamı istifadə edir. Elə bunun nəticəsidir ki, liftə açılışdan iki gün sonra xələl yetirildi. Amma biz artıq lifti təmir etmişik", - deyə qurum rəsmisi bildirib.

Nəsimi Paşayev ötən günkü güclü yağışdan sonra stansiyanı "su basması" məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, "Avtovağzal" stansiyasının iki çıxışı var. Bunlardan birindən Bakıətrafı yaşayış məntəqələrinə gedən avtobuslar keçir. İkincisi ilə isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə getmək mümkündür.

"Ötən gün yağan güclü yağışdan sonra həmin çıxışlardan çıxanda yerdə kiçik gölməçələr olub. Amma stansiyada bir damcı su belə yoxdur. Gölməçələrin bizə heç bir aiddiyyəti yoxdur. Onu aidiyyəti orqanlar aradan qaldırmalıdırlar", - deyə mətbuat katibi qeyd edib.


Bakı Metropoliteninin "Avtovağzal" stansiyası  bu il aprelin 18-də açılıb. "Avtovağzal" stansiyasının 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. "Avtovağzal" stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə Biləcəri istiqamətinə, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.


Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.

Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.