Lənkəran ŞİH-nin başçısı növbəti səyyar qəbul-görüşünü aprelin 28-də Vilvan kəndində keçirib.
Unikal.org xəbər verir ki, icra başçısının Vilvan inzibati ərazi dairəsində nümayəndəsi Hikmət Abbasov kəndin ərazisi, əhalisi, onların məşğuliyyəti barədə məlumat verib, ərazidə aparılan səliqə-səhman və abadlıq işləri barədə danışıb, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırıb.
Sonra bir neçə kənd sakini çıxış edərək Vilvan kəndində sel sularının vurduğu ziyanın aradan qaldırılması üçün ərazidə aparılan tikintiyə, yeni yaşayış massivinin təbii qazla təmin edilməsinə və s. işlərə görə ölkə rəhbərinə, eyni zamanda, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıq edib.
Azərbaycanda sosial layihələrin və proqramların sürətlə icra edildiyini diqqətə çatdıran Taleh Qaraşov ərzaq təminatının və kənd təsərrüfatının inkişafının prioritet vəzifələr olduğunu söyləyib, bu istiqamətdə Lənkəranda həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.
Sonda İcra başçısı görüş zamanı irəli sürülən təkliflərin və müraciətlərin həlli istiqamətində aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verib.