Son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerjisistem yenidən qurulmuş və modernləşdirilmiş, maddi-texniki bazası müasirləşdirilib.
 
"Azərenerji" ASC-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yeni müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq bilik, yüksək peşə hazırlığı tələb edir.
Eyni zamanda, respublika ərazisində elektrik enerjisinin paylanması funksiyasının "Azərişıq" ASC-yə verilməsi ilə əlaqədar alçaq gərginlikli şəbəkə və transformator məntəqələri ilə yanaşı, elektrik enerjisinin ötürülməsi sistemində yüksək gərginlikli EVX və yarımstansiyaların da müəyyən qisminin həmin quruma təhvil verilməsi  müəyyən sahələrdə iş həcminin azalmasına səbəb olmuşdur ki, bu da "Azərenerji" ASC-də struktur islahatları aparılması zərurətini yaradıb.
Hazırda Səhmdar Cəmiyyətin tabeliyində olan müəssisələrdə çalışan, lakin  ixtisas və bilik səviyyəsi mövcud tələblərə cavab verməyən və yaxud da çalışdıqları sahələr ləğv olan işçilər barəsində mövcud əmək qanunvericiliyinə uyğun tədbirlər görülür. O cümlədən, onların Səhmdar Cəmiyyətdə yaradılmış 600 yeni iş yerində vakant vəzifələrə yerləşdirilməsi istiqamətində işlər görülür. 
"Azərenerji" ASC ixtisas və bilik səviyyəsi enerjisistemin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir.