"Azərenerji" ASC-nin Mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumata görə, ən müasir texnologiyaların tətbiqi ilə inşa edilərək istifadəyə verilmiş bu enerji müəssisəsi şimal-qərb bölgəsinin əhalisi üçün böyük töhfədir. Bölgəyə nur paylayan generasiya gücü regionun elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin edir, sosial-iqtisadi inkişafa təkan verir. Ümumiyyətlə, stansiya istismara verildiyi gündən qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarmış və bu müsbət ənənənin uğurla davam etdirilməsini kollektiv özünün başlıca məqsədi sayır.
"Azərenerji" ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2016-cı ilin I rübü ərzində "Şəki EŞ"də 65,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, cari ilin mart ayında isə enerji obyektində 20,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin I rübündə, o cümlədən mart ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbəxş nəticələr əldə olunmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, enerjitəchizatı müəssisəsinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində son üç ay ərzində stansiyada bir porşen tipli aqreqatda əsaslı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda mühərrik-generatorlarda təlimata uyğun növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, aqreqatların soyutma və yağlama sistemlərində yaranan qüsusrlar aradan qaldırılmışdır. Ümumiyyətlə, enerji istehsalı üzrə dispetçer yük qrafikinin yerinə yetirilməsi ilə yanaşı stansiyanın mövsümə hazırlığı, avadanlıqların keyfiyyətli istismarının təşkil olunması üçün qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində operativliyin təmin olunması məqsədilə hazırlanan müvafiq planlar çərçivəsində bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir. Hazırda stansiyanın istismar fəaliyyəti qrafikə uyğun davam etdirilir.
Onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və bu sahə daimi nəzarətdə saxlanılır.
Sonda onu da qeyd edək ki, personalın iş şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilmişdir. Müəssisənin əmək kollektivi tərəfindən iş yerlərində sanitar gigiyena normalarının tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilmişdir.
Xatırladaq ki, 10 aqreqatdan ibarət olan "Şəki" elektrik stansiyasının ümumi gücü 87 MVt-dır.