Yabanı kol bitkisi olan itburnunu el arasında bəzən "vəhşi qızılgül" adlandırırlar. Ona hər yerdə-meşə ətraflarında, dağ ətəyində, parkda, çay sahilində və yol kənarında rast gəlmək olar. Bir çox alimlər İranın və Himalayın dağlıq ərazilərini itburnunun vətəni hesab edirlər. İndi Yer kürəsində buzlaq, tundra və səhralardan başqa hər yerdə bitir. Onun giləmeyvələri heyvan və quşları da özünə cəlb edir. İtburnu meyvələri şaxtalar düşənə qədər yığılmalıdır, çünki ən zəif şaxta da onun dərman keyfiyyətlərini məhv edir. Düzgün qurudulan itburnu meyvələrinı ağzı bağlı bankada və ya kisədə iki il saxlamaq olar.
Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, itburnunun narıncı meyvələri faydalı maddələrin ən böyük konsentrasiyasına malikdir. Giləmeyvələr qırmızı rəng alanda tərkibindəki vitaminlərin miqdarı bir qədər azalır. Giləmeyvələrdə olan vitamin və mikroelementlərdən qanazlığı, ateroskleroz və xəstəliklərdən sonra orqanizmin zəifləməsi zamanı istifadə edilir. Həm də giləmeyvələri askorbin turşusunu limon və qarağatdan daha çox özündə saxlayır, o, təbii antioksidantdır, faydalı xüsusiyyətləri arasında bakterisid təsiri də var.
Rusiyada ənənəyə görə, soyuq qış günlərində itburnu giləmeyvələrinin dəmlənilərək içilməsi qışı soyuqdəymə xəstəliklərinə yoluxmadan keçirməyə səbəb olur. Çin təbəbətində itburnunun köklərindən istifadə etməklə həzmi gücləndirmək və bağırsaq qurdlarının çıxarılması təcrübədən keçirilib. Tibetdə vərəm, nevrasteniya və ateroskleroz itburnu meyvələri ilə müalicə edilir. Sibirdə balda bişirilmiş itburnu ləçəkləri ilə qızıl yel xəstəliyi müalicə edilirdi. Bitkinin köklərdən alınan cövhər ayaq göbələyini sağaldır.
Xalq təbabətində bitkinin bütün hissələrindən - çiçək, meyvə, yarpaq və köklərindən istifadə edilir. Həmin məhsullardan alınan təbii vasitə artritin, qan azlıqları, sidik-cinsiyyət üzvlərinin müalicəsində istifadə olunur. İtburnudan hazırlanan məlhəmlər dermatit, ekzema, trofik yara, yanıqlar, donmalar və psoriazın müalicəsində tətbiq edilir. Sətəlcəm, difteriya, skarlatin, göyöskürək zaman itburnu ekstraktı, sirop və cövhərı çox xeyirlidir.