Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi kütləvi informasiya vasitələrində tütündən istifadənin zərərli təsirləri barədə davamlı təbliğat işinin aparılması üçün müvafiq tədbirlər həyata keçirəcəklər.
Unikal.org report-a istinadən xəbərinə görə, bu, Prezident İlham Əliyevin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanununun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə bu nazirliklərin elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanmalı və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilməlidir.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən tədris proqramları hazırlanarkən tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular tədrisin məzmununa daxil edilməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyev 29 dekabr 2017-ci ildə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu imzalayıb. Bu qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.