Unikal.org bildirir ki, big.az saytı həyata keçirdiyi "Susma" layihəsi çərçivəsində "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınan öz qardaşı tərəfindən zorlanmaya məruz qalan Nigar Məmmədova (Ad şərtidir) ilə söhbət edib. Layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir.
- Siz necə oldu ki, bu sığınma evinə yerləşdirildiniz?
- 16 yaşımda özümdən 20 yaş böyük kişi ilə valideynlərim tərəfindən zorla evləndirilmişəm. Həmin şəxslə 10 il yaşadım. Övladım olmadığından həyat yoldaşımın ailəsi tərəfindən boşadılmışam. Mən uşağım olmadığından övladlığa uşaq götürmək istəmişəm. Anam razı olmadı. Yenə ikinci dəfə övladım olsun deyə zorla evləndirildim. Uşaq doğulduqdan sonra ona 11-ci ayında Uşaq Nevroloji Xəstəxanasında yataq xəstəsi diaqnozu qoyuldu. Ona görə ərimin ailəsi uşaqdan imtina elədi. 4 ildir ki, ikinci həyat yoldaşımla ayrıyıq. Amma ailə qurduğum şəxslərin heç birində zorakılığa, döyülmələrə, işgəncələrə məruz qalmamışam. Az da olsa təsəllimi ailə qurduğum şəxslərdə almışam. Mənə zülm verən mənim öz ailəm və valideynlərim olub. Çünki mənim atam içki düşkünü olub. Anam da dəfələrlə körpə qardaşımla məni atamın üstünə atıb gedib. Atam içən zaman təcavüz etmək üçün məni axtarırdı. Dəfələrlə olub ki, qamışlıqda gizlənmişəm ki, ələ keçməyim.
- Atandan gizlənməyinin səbəbi nə idi?
- Çünki zorlanmaqdan qorxurdum. Amma çox çəkmədi qorxduğum başıma gəldi. Böyük qardaşım mənə dəfələrlə təcavüz edib. Bütün yaşadığım əzablara baxmayaraq yenə də özümü güclü hesab edirəm. Geriyə baxmaq istəmirəm. O qədər valideynlərimə, qardaşlarıma nifrət edirəm ki, imkanım olsa onlardan imtina edərəm. Dövlətdən də xahişim odur ki, onlarla mənim əlaqəmi kəssin. Məndən sonra ikinci qardaşım böyüdü. Əsgərlik yaşına çatanda qardaşımı da zorlayıb. Hal-hazırda epilepsiya xəstəsi olub. Mən o evdən sözümü deyib çıxmışdım. Yəni o ailə ilə yaşaya bilmirdim. Özüm işləyib oğlumu əməliyyat elətdirmişəm.
-Təhsiliniz varmı? Evinizi tərk etdikdən sonra necə ayaqda dura bildiniz?
- Hər bir yalnız qadın kimi, ayağım üstə durmuşam. Əvvəl çayçı, sonra da özəl firmada işləmişəm. Nə mənim yoldaşlarıma, nə də valideynlərimə xəyanətim olmayıb. Qurduğum ailələrimin dağılma səbəbi də uşaq problemi olub. Bütün əzablarım öz ailəm tərəfindən olub. Sonra anamgil gəldilər ki, qayıdırsan evə. Məni zorlayan qardaşımla anam məni zorla geri evə aparmaq istədilər. Mən də bildirdim ki, mən o evə qayıtmram. Anamla qalaram, amma ata evinə getmərəm. Qardaşım dedi ki, hamı mənə dedi ki, bacın niyə tək yaşayır? Mən də dedim ki, sən onlara deyə bilmədin ki, bacım mənim əlimdən qaçıb. Mən namusumu zorlamışam. Bu sözləri deyəndə qardaşım məni vurdu. Hətta dişimin birini də sındırdı.
- Belə çıxır ki, ananız qardaşınızın sizə qarşı etdiklərinə göz yumub?
- Anam da qardaşımı dəstəkləyirdi. O, hər zaman deyirdi ki, evin içində neyləyirsiz eləyin amma heç kimə deməyin. Ailəm məni başıma gələnləri açdığıma görə ölümlə hədələyir. Atam belə bu işin üstünə ciddi düşüb. Hətta atama anam tapşırıb ki, tap o qızı, öldür. Adını da qoyarıq ki, əxlaqsızlıq edirdi, biz də öldürdük. Anam məni, hətta işimdən də çıxartdırdı. O, məni, həyatımı məhv etməklə hədələyir. Mən də deyirəm ki, onsuz da həyatımı 16 yaşımdan məhv etmisən.
- Ailənizin sənin başına gətirdikləri işgəncələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmisənmi?
- Bütün hüquq mühafizə orqanlarına müraciət etmişəm. Onlar yaşadıqlarımı həqiqət hesab etmirlər. Anamla qardaşım məni öldürmək istəyəndə ayaqyalın uşaqla Qaradağ rayonun Sahil qəsəbəsinin 38 saylı polis bölməsinə qaçmışam. İzahatımı götürən Zahid rəis sərxoş idi. Hətta mən o sərxoş polis rəisindən də qorxdum. Buna görə heç nəyi açıb deyə bilmədim. Sadəcə, dedim ki, məni öldürmək istəyirlər. O da qayıdıb mənə "Aç, görüm haranı bıçaqlayıblar?" dedi. Bundan əlavə məni təhqir etdi ki, tək yaşamaq istəyirsən. Qardaşınla ananın da haqqıdır səni öldürmək. Mən də dedim ki, mənə normal izahat götürəcək insan çağırın.
- Ananı bağışlayarsanmı?
- Anam mənə nə qədər pislik etsə də, onu çox istəyirəm. Amma o evə getmərəm. O evdə nə atam, nə də qardaşlarım normal olmayıb. Anam da çox qəddar olub. Övladıma da yemək almaq istəmirdi. Deyirdi ki, mənə möhtac olduğunu söylə.
- Oğlunuzun xəstəliyi ilə bağlı həkimlər hansı diaqnozu qoyub?
- Oğluma selebral iflic diaqnozu qoyulmuşdu. Həkim əməliyyat edən zaman ortaya çıxdı ki, səhv diaqnoz qoyulub. Əslində bunun xəstəliyi sinir damar tromblaşmasıdır. 7 yaşına qədər müalicə olmalıdır. Müalicəsi uzun sürən müalicədir.
- Sizə kömək edə biləcək qohumlarınız yoxdur?
- Qohumlarım var. Anama görə qohumlarımla da münasibətlərimiz yaxşı deyil. Mən bir aydır ki buradayam. Zəhmətimlə balamı saxlamışam. Mənim xoşbəxtliyim mənim övladımdır. Ancaq övladımın sağlamlığını istəyirəm. Dəfələrlə mənə deyilib ki, övladımı atım. Mən dövlətimizdən övladım üçün yardım istəyirəm. Arzumdur ki, o da normal uşaqlar kimi məktəbə, baxçaya getsin.