Yanvarın 18-də Almaniyada azərbaycanlı ailə böyük silahlı insidentə səbəb olub.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailəyə oturum icazə verilmədiyi üçün hüquq-mühafizə orqanları həmin ailəni ölkədən deport etmək barədə qərar qəbul edib.
Ötən gün gecə saat 03:30-da azərbaycanlı ailənin yaşadığı evin qapısını döyən alman polisi onları ölkədən çıxarmaq üçün gəldiklərini bəyan edib. Lakin Almaniyanı tərk etmək istəməyən ailə polisin bu qərarına müqavimət göstərib. Nəticədə böyük insident baş verib. Ailəninin başçısı - evin kişisi onları zorla evdən çıxarmaq istəyən alman polisinin silahını əlindən alıb və onu girov götürüb. Daha sonra o, havaya bir neçə dəfə atəş açıb. Nəticədə hadisə yerinə xüsusi təyinatlı polislər çağırılıb. Xüsusi təyinatlı polislər azərbaycanlı kişinin girov götürdüyü iki nəfəri xilas edə bilib və onu həbs edib.
Lakin hadisələr bununla da yekunlaşmayıb. Bunun ardınca evin xanımı əlinə aldığı bıçaqla özünə ağır xəsarətlər yetirməyə başlayıb. Qadın daha sonra xəstəxanaya çatdırılıb. Polisləri girov götürən azərbaycanlı kişi isə həbs edilib.