Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhərmanı Koroğlu dastanının motivləri əsasında hazırlanmış "Eşqi-Nigar tamaşasının növbəti premyerası baş tutub.

Teatrın mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, tamaşa Bakı Yunis Əmrə İnstitutu və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq reallaşıb.

Bakı Yunis Əmrə İnstitutunun yeni rəhbərliyinin, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə böyük anşlaqla keçən tamaşada əsas obrazları teatrın aktyorları Manaf Dadaşov, Zülfiyyə Alhüseynova, İlham Əsədov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Vahid Orucoğlu, Anar Seyfullayev, Anar Səfiyev, Ramil Məmmədov və Elgün Yəhyayev ifa edirlər.

Tamaşanın səhnələşdirməsi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, plastik həll Ceyhun Dadaşova məxsusdur.

Böyük maraqla və gurultulu alqışlarla seyr olunan tamaşadan sonra Yunis Əmrə İnstitutunun, "E Media Groupun və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təsis etdiyi diplomlar tamaşanın yaradıcı heyətinə təqdim edildi.