Ağlayan gözlərin harayı, yaxud gələcəyi niyə kötəkləyirik?
11:04 14-08-2012
İQTİSADİYYAT
Ağlayan gözlərin harayı, yaxud gələcəyi niyə kötəkləyirik?
“Pəncərədən atdı... əlini dağladı... vəhşicəsinə döydü...”
“Qızını döyməyən dizini döyər...”
Azərbaycanın bu ədəbiyyat və folklor nümunələri indi özünün həqiqi mənasında ailələrimizin bir çoxunda “sınaqdan keçirilir”. Bu cür hallara daha çox əyalətlərdə rast gəlinsə də, şəhərlər və paytaxtın ailə mühiti də belə hadisələrdən kənarda qalmır.
Son günlər mətbuatda uşaqlara qarşı işgəncə və zorakılıq, hətta ölümlə nəticələnən dəhşətli faktlar barədə xəbərlər artıb. Kimi bunu bir “tərbiyə üsulu” sayır, kimi cahillikdən edir, kimi də özünü və qarşısındakı müdafiəsiz varlığı sadəcə psixi durumunun qurbanına çevirir.
Bir səhər ayılıb
gördülər ki...
...Təxminən 5-6 il əvvəl Azərbaycanın ucqar qərb rayonlarının birində belə bir hadisə olmuşdu: ailənin yeganə övladı olan 11-12 yaşına çatmış oğlan evdən qaçmağa başlamışdı. Xüsusilə evlərinə atasının zabit dostları gələndə (atası hüquq-mühafizə orqanlarının zabiti idi - M.A.) hətta onlarla qarşılaşmamaq üçün pəncərədən tullanıb, evdən gedirdi. Zaman keçdikcə bu balaca oğlan ümumiyyətlə günlərlə evə gəlməməyə başladı. Axtarışlar zamanı isə ya hansısa qohumlarıgildə, ya da dostlarından birinin ailəsində tapılırdı. Hətta yay aylarından birində uzun müddətə yoxa çıxan bu uşağı yaşadıqları kəndin yaxınlığında gölün kənarında yatmış vəziyyətdə tapdılar. Onun niyə belə etməsini isə ailəsi və ətrafdakılar soruşanda isə kəlmə belə kəsmək istəmirdi. Bir dəfə canlı şahidi oldum ki, atası ondan niyə evdən tez-tez getməsini soruşarkən ondan cavab çıxmadığını görüb, uşağa dalbadal iki bərk sillə çəkdi. Bayaqdan lal kimi duran uşaq sillədən sonra sanki atasının onu öldürəcəyindən qorxurmuş kimi qəflətən güllə kimi yanımızdan qaçdı. Həqiqətən də təngə gəlmiş atası əsəbdən gözləri qızmış şəkildə onun dalınca qayıtmasını əmr edərək bağırırdı. Uşaq isə nəinki atasına məhəl qoydu, ölümdən qurtulmuş kimi artıq gözdən itmişdi. Gecə onu sinif yoldaşlarından birinin evində tapdılar...
Demək olar ki, günü-gündən uşaq nəinki evdə, heç məktəbdə də kəlmə kəsməməyə başlamışdı. Yanında bir dava-dalaş, yaxud digər fövqəladə hadisə olanda isə qaçıb gözdən itirdi. Kəndin yaşlı insanları, xüsusilə də dünya görmüş qarılar uşağın valideynlərinə izah etməyə çalışırdılar ki, “uşağa cin dəyib. Cinlər uşağı qorxuzublar, mütləq cindara göstərmək lazımdır”. Düz bir ildən çox valideynlər qonşu rayonlar da daxil olmaqla baxıcı, görücü, cindar və sair qalmadı ki uşağı onun yanına aparmasınlar. Hətta deyirdilər ki, cindarların yanına uşağı zorla aparırlarmış, çünki uşaq cindarın qaranlıq otaqda vahiməli “müalicə üsulları”ndan bərk qorxurmuş, otaqdan qaçmaq istəyirmiş...
Aradan xeyli vaxt keçdi, həmin ailənin tez-tez görüşdüyüm yaxın qohumlarından biri bir gün mənə dedi ki, “uşağın atasının Bakıda yaxşı vəzifədə işləyən bir əmisi oğlu var. Uşaqdakı vəziyyətin daha da ciddiləşməsi ona da çatıb və o, uşağın atasına məsləhət görüb ki, oğlunu bir psixiatra da göstərsin. Müxtəlif həkimlərə aparıblar. Bütün həkimlərin diaqnozları təxminən eyni olub - uşaq erkən yaşında qorxudulub, psixi pozuntu yaranıb. Lakin diaqnozların eyni olmasına baxmayaraq, burada heç bir həkim onun sağalmasına kömək edə bilmədi. Uşağın vəziyyəti kritik həddə çatdı və valideynləri onu Türkiyəyə apardılar. Orada tanış olduqları bir alman psixiatr təxminən bir ay uşağı yanında saxladı və kifayət qədər köməklik də etdi. Çünki bir ay sonra qayıdan oğlanda müsbətə doğru ciddi dəyişikliklər vardı: ətrafdakılarla ünsiyyətə girir, hər şeydən qorxmurdu... Türkiyədə oğlanı müalicə edən psixiatrla görüşmüş əmisi bizə deyirdi ki, onunla təkbətək görüşdə alman psixiatr atasına yox, məhz ona bir-iki şey deyib: “O deyir ki, uşaq təxminən 5-7 yaş arasında ciddi fiziki travma alıb, özü də bu, qəza nəticəsində yox, insan tərəfindən alınan travmadır. Çox böyük ehtimalla, valideyndən alıb. Çünki uşaq insan və insanla bağlı fövqəladə situasiya ilə üzləşən kimi qorxub qaçır. Ən əsası da onda insanlara, özü də ailəsinə və ailəsinə yaxın olan insanlara qarşı kompleks yaranıb. Həkim deyir ki, bu xəstəlik oğlanda gənclik dövrünə keçsə, ya intiharla, ya da valideynlərinə qarşı ciddi nifrətlə nəticələnə bilər. Ən azı böyüdükdən sonra birdəfəlik evdən qaça bilər, çünki ailəsi onun üçün artıq arzuolunmaz insanlara çevrilir. Psixiatr deyir ki, bir aydır uşaqda ancaq bunu müşahidə edib... Amma xeyli müalicə etdi, dedi buna baxmayaraq çalışın onunla səmimi münasibətdə olun, ən azı uşaq tam yaşa dolana qədər. Əks halda, müalicənin nəticəsi bərbad olar...”
O ərəfədə ailənin yaxınları arasında gedən söhbətdən eşitdim ki, uşaq illər əvvəl birinci sinfə getdiyi ilk gün təsadüfən içində dolu əşyası olan çantasını itirir. Axşam evə əsəbi gələn atası bunu eşidən kimi uşağa necə təpik vurursa, uşaq arxadakı divara dəyib yerə sərilir, huşunu itirir. Təcili çağırılan həkimin köməyi ilə özünə gəlir....
Valideynlərinin üzünə deməsələr də qohumlar arasında söz gəzməyə başladı ki, uşaq məhz bu hadisədən sonra xəstəlik tapıbmış...
Aradan illər keçdi, arada eşitdim ki, həmin oğlan böyüyüb əsgərliyə də gedib gəlib. Tək övlad olduğu üçün valideynləri onu bir qədər tez evləndirmək istəyiblər. Lakin buna təkid edən oğlanla valideynləri arasında mübahisə yaranıb. Bir neçə gün davam edən bu mübahisənin nəticəsində bir gün səhər ayılıb görürlər ki, oğlan özünü həyətdəki ağacdan asıb...
“O məndən
tələb edir ki...”
Bu, yeganə və sonuncu fakt deyil. Çünki elə indi də kiçik bir araşdırma nəticəsində mənşəcə buna oxşar faktlara elə paytaxt Bakıda da rast gəlinir.
Şəhərdəki marşrut avtobusların birində tez-tez rastlaşdığım 14-15 yaşlı konduktor oğlanın ailə həyatı əsl müharibə şəraitinə bənzəyir. Qorxusundan danışmaq belə istəməsə də uzun çək-çevirdən sonra bir gün dedi ki, ailəsinin, xüsusilə də ögey atasının təkidi ilə 6-cı sinifdən məktəbi buraxıb: “O məndən tələb edir ki, anamın yaxşı yaşamasını istəyirəmsə, pul qazanmaqda ona kömək edim, əks halda nəfəsim kəsilənə qədər məni çırpır... Hələ ki gücüm çatmır ona...”
Bakının Yasamal rayonu ərazisində apteklərdən birində işləyən, lakin adının çəkilməsini istəməyən 20 yaşlı bir xanımın yaşadıqları isə istənilən Azərbaycan qadını üçün qətiyyən arzuolunan deyil. Yasamalda Dağlı məhəlləsində doğulub-böyüyən həmsöhbətim deyir ki, ailədə 5 bacıdırlar, amma uşaqlıqdan ataları xırda nöqsanın üstündə belə onları bərk incidirmiş: “Məhəllədə, hətta arxamızca məktəbə gələndə bir az hirslənən kimi bizə elə ağır sözlər deyib vururdu ki, utandığımızdan az qala bir neçə gün yoldaşlarımızın arasına çıxa bilmirdik”.
Bacılarından fərqli olaraq, bu xanımın şansı bir az gətirir. Rastına çıxan sevdiyi oğlan o qədər iradəli və güclü olur ki, nəinki onunla ailə qurur, hətta atasının təzyiqindən ömürlük xilas edir...
“Ayrıca qanunun
qəbuluna ehtiyac var”
Bu günlərdə Quba rayonunda bir atanın 10 aylıq körpəsini vəhşicəsinə döyməsi barədə məlumat yayılmışdı. Onun ardınca başqa bir gənc ananın öz övladını pəncərədən atması barədə xəbər oxuduq. Bir başqası isə balasının əllərinə dağ çəkərək, onu guya dərs oxumağa məcbur etmək istəyirmiş... Belə faktlarla zaman-zaman rastlaşırıq.
Bu hadisələri Lent.az-a şərh edən psixoloq Elnur Rüstəmov deyir ki, zorakılıq bütün müstəvilərdə insanların gələcək fəaliyyət və davranışlarına mənfi təsir göstərir: “Xüsusən, bu, uşaq yaşlarında olarsa, daha faciəvidir”. Onun sözlərinə görə, bu gün uşaqlara qarşı zorakılıq halları içərisində ən aktual olanı fiziki zorakılıqdı. Bunun da mahiyyətində valideynin övladına öz istəklərini qəbul etdirmək inadı dayanır: “Şübhəsiz, hər bir valideyn övladının yaxşı olmasını istəyir. Ancaq bunu doğru formada həyata keçirə bilmir. Uşağa şiddət göstərməklə oxumağa məcbur etmək olar. Ancaq əmin olun ki, zaman keçdikcə o, ilk fürsətdə oxumaqdan imtina edəcək. Tərbiyə prosesi ən çətin proses hesab edilir. Burada əsas faktor səbir, anlayış nümayiş etdirməkdi . Təəssüf ki, bu gün valideynlər bu anlayışı fiziki zorakılıqla əvəz edirlər ki bu da sonradan uşaqda özgüvən hissinin aşağı düşməsinə, valideyn tərəfindən sevilməmə kimi komplekslərin yaranmasına, biganəliyə və sair mənfi davranışların yaranmasına səbəb olur. Bu gün yeniyetmələrlə konsultasiya prosesində bu kimi neqativ hallara rast gəlirik”.
Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri, hüquqşünas Nazir Quliyev isə deyir ki, ailədə və ictimai yerlərdə uşaqlara qarşı zorakılıq nəinki Azərbaycanda, dünyada aktual problemlərdəndir. Onun sözlərinə görə, BMT Uşaq Hüquqları Komitəsinin bununla bağlı müvafiq qərarı da var: “Azərbaycanda uşaq zorakılığı ilə bağlı ayrıca qanunun qəbuluna ehtiyac var. İki il əvvəl Ombudsman tərəfindən bu məsələ qaldırılsa da hələ də qanunun qəbulu barədə ortada heç nə yoxdur”.
N.Quliyev onu da deyir ki, Azərbaycanda digər bir problem ondan ibarətdir ki, uşaqlar üzləşdikləri problemlə bağlı hara müraciət etmək, ya da ki ümumiyyətlə, müraciət etmək bacarığına malik deyillər: “Eyni zamanda, valideyn bacarığı deyilən bir xüsusiyyət də bizim ailələrdə çatışmır. Bu, xüsusilə erkən yaşda qurulan ailələrdə baş verir. Yəni onlarda ailə təcrübəsi o qədər az olur ki, uşaqla hansı rəftar etməyi ayırd edə bilmirlər. O üzdən, təbii ki, bu məsələ Azərbaycanda da problem olaraq qalır. Bu gün ailədə, istərsə də ictimai yerdə fiziki və psixoloji təzyiqlərə məruz qalan uşaqlar sabah bu cəmiyyətdə ən azı qatı cinayətkara çevriləcəklər”.
“Azərbaycanda uşaqlara
qarşı zorakılıq daha
erkən başlayır...”
Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirir ki, bu sahədə vahid qanunun qəbul edilməsi üçün ilk növbədə ölkədə bununla bağlı dəqiq statistika aparmaq lazımdır: “Bunu da aidiyyatı qurumlar aparmalıdırlar, çünki statistika aparmaq Milli Məclisin səlahiyyətinə aid deyil. Statistika olmadığı halda qanun necə hazırlana bilər?”
Deputat deyir ki, istənilən halda Azərbaycanda uşaq zorakılığı ilə bağlı qanunun qəbulu vacibdir: “Çünki istər ailədə tərbiyə metodu olaraq, istərsə də ictimai yerlərdə bir uşağa qarşı zorakılıq belə qəbul olunan hal deyil”. Onun sözlərinə görə, Azərbaycan uşaqlara qarşı zorakılıq ana bətnindən başlayır.
M.İbrahimqızı qeyd edir ki, məhz abort hallarının artması hesabına son bir neçə ildə Azərbaycanda 7 yaşa qədər oğlan uşaqlarının sayında artım, qızlarda isə kəskin azalma var: “Uşaqlara qarşı təcavüzün ən erkən və ən ağır forması kimi ana bətnində qız uşaqlarının abort etdirilməsi faktı çoxalıb. Azərbaycanda ultrasəs müayinəsi ancaq cinsin müəyyən olunması üçün istifadə olunur. Bu da əsasən ondan ibarətdir ki, ana bətnində uşağın cinsi qız olaraq müəyyən olunursa əksər hallarda uşaq ana bətnində ləğv edilir. Ona görə də getdikcə qızların sayında ciddi azalma var”.
Deputat deyir ki, xeyli vaxtdır bunun qanunvericiliklə tənzimlənməsi aktual olsa da məsələ hələ də açıq qalır: “Hesab edirəm ki, bu məsələyə vaxtında münasibət bildirmək lazımdır, ən azı qanunla bu məsələ qadağan olunmalıdır”.
M.İbrahimqızı onu da bildirir ki, bütün bunlara baxmayaraq, ümumilikdə götürəndə, uşaqlara qarşı zorakılıq halı hətta Avropa ilə müqayisədə Azərbaycanda azdır...
Mübariz Aslanov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00