Fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində törədilən ağır cinayətin üstü "isti izlərlə açılıb. Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, dəhşətli qətli törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.
Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb. Hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib. Bununla da qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.