"Dəmirçi Plaza"da iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə davam edib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, çıxışında Elşən Bəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ölən şəxsin hüquqi varisi Xalid Ağayev isə təqsirləndirilən şəxsə ömürlük cəza istəyib: "Bunu tikə-tikə eləsələr belə, oğlum geri qayıtmayacaq. Amma ittiham üzrə yazılmış 7 maddə ilə cəzasını alsın. Az da olsa, hirsimiz soyusun. Ömürlük cəza almasını istəyirəm. Əgər o, oğlumu 4 güllə ilə uzaqdan vuraraq öldürsəydi, mən o zaman onu bağışlayardım".
Oğlu ölmüş ata məhkəmədə göz yaşlarını saxlaya bilməyib.
Hakimlər onu sakitləşdiriblər.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Proses fevralın 21-ə təyin edilib.
Xatırladaq ki, E.Bəşirov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
Sərbəst ifadə verən E.Bəşirov bildirib ki, bir neçə il həmin ofidə işləyib: "Məni işə Eminağa düzəldib. Mənim dostumdur. Şirkətin rəhbəri ərəb idi. Eminağa onun tərcüməçisi idi. Rəhmətə gedən Əli Eminağa ilə yola getmirdi. Həmişə prinsip aparırdı. Onun dalınca danışırdı, maşında onu söyürdü. Mən də sürücü idim. Qəbul edə bilmirdim. O, mənimlə də ədavət aparırdı. Çünki məni işə Eminağa düzəltmişdi. Eminağanın da rəhbərimiz olan ərəblə münasibəti yaxşı idi. Əli də bununla barışa bilmirdi. Əli şirkətdə direktor olanda mənimlə ədavətini artırdı. Mən də səbəbini soruşanda heç nə demirdi. Ancaq müdirin və Eminağanın arxasınca danışırdı".
E.Bəşirov əlavə edib ki, hadisə günü Əli ilə birlikdə hava limanına gedirmişlər: "Əli və digər iş yoldaşım Natiqlə hava limanına gedirdik. Yolda Əli yenə də eyni söhbətləri etməyə başladı. Deyirdi, savadsızlar, qanmazlar gəlib vəzifədə oturur, savadlılar kənarda qalır. Başladı, Eminağanın ünvanına xoşagəlməz sözlər deməyə. Mən ona xəbərdarlıq elədim. Dedim ki, yol gediriksə, belə söhbətlər eləmə. Natiq də başladı gülməyə. Artıq mənə psixoloji təsir etməyə başladılar. Mənim əvvəl də psixoloji problemlərim var idi. Artıq bu söhbətlər məni təngə gətirmişdi. Maşını saxlayıb dedim ki, aşağı düşsün. Düşmədi. Mən də qapını açıb, yaxasından tutub yerə düşürtdüm. Natiq də düşdü. Maşına minib qapını örtdüm. Sürmək istəyəndə gördüm ki, Əli təpikləməyə başladı. Qapını açıb mənə yumruq, təpik zərbələri vurdu. Aşağı düşüb əlbəyaxa olduq. Natiq də sağ qolumu tutub burdu. Əli də məni vururdu. Amma ifadəsində deyir ki, guya bizi aralaşdırırmış. Sonra rəhbərlik bu söhbəti bildi. Məni çağırıb söhbət elədi. Dedim, əgər narazısınızsa, mən işdən çıxarın. Dedilər, işdən çıxmırsan, sabah gələrsən, Əligil də gələr danışarıq".
E.Bəşirov səhər ofisə gələndə Əli ilə aralarında mübahisə yenidən başlayıb.
O, maşınında silah olmasının səbəbini izah edib: "Həmin gün ofisə gəlməkdə məqsədim işdən çıxıb, maaşımı alıb getmək idi. Mən həftə sonları atıcılığa gedirdim. Həvəskar idim. Maşına silahı da ona görə qoymuşdum ki, pulu alıb, sağollaşıb atışa gedim. Ofisə qalxdım ki, müdirlə danışım. Müdir həmişə işə tez gəlirdi. Tərslikdən həmin gün gec gəlmişdi. Oturub gözlədim. Nəzarət kameralarında da var ki, mən ora gedib işçilərlə görüşüb oturmuşam. Sonra Əli otağa girdi. Məni təhqir eləməyə, alçaltmağa başladı. Dünənki söhbəti davam etdirmək istəyirdi. Mənim sinəmdən tutub çölə çıxarmaq istədi. Mən də çıxmadım. O, yenə də təhqirlərini davam etdirdi. İşdən qovluq almağımı tapşırdılar. Aşağı düşəndə fikrimi dəyişdim. Dedim ki, silahı götürüb ondan qisas alım. Otağa qalxıb atəş açdım".
Hadisə zamanı ofisdə olan Natiq adlı əməkdaş da xəsarət alıb.
E.Bəşirov Əlini öldürməyi qabaqcadan planlaşdırmadığını deyib: "Əgər belə niyyətim olsaydı, elə gələn kimi vurardım. İçəri girəndə Əlini tuşlayıb atdım. Kimə dəydiyini bilmirəm".
Təqsirləndirilən şəxs hadisəni psixoloji təsirlərdən sonra törətdiyini qeyd edib.
Qeyd edək ki, qətl bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq, satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib.