Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə şahid qismində K1 idman ustası Tofiq Musayev şahid qismində dindirilib.

O, həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxsi tanıdığını deyib: "Rövşən müəllim bizə dərs keçib. Biz Türkiyəyə birlikdə getdik. Biz orda klubla danışıqlar aparacaqdıq. İstanbulda ona icarəyə maşın verdilər. Sonra Rövşən müəllimlə bir yerə getdik. Dedi, işim var. Düşdü bir yerə getdi. Sonra əlində qara çanta ilə gəldi. Bizi otelə qoydu. Axşamüstü Elnur müəllim də ora gəldi. Jandarmadan zəng gəldi ki, Rövşən müəllim qəzaya düşüb. Xəstəxanaya getdik. Gördük ki, vəziyyəti yaxşıdır".

Vəkilin suallarına cavab verən idmançı bildirib ki, o, pul görməyib: "Sadəcə, Rövşən müəllimin əlində sellofan torba gördük. İçində pul olub olmadığından xəbərsizəm".

Şahid bildirib ki, hadisə olan zaman jandarmadan otelə zəng gəlib: "Telefonu götürdüm. Dedilər, Rövşən müəllim qəza törədib, yerini dedilər. Bizdə bu barədə Elnur müəllimə məlumat verib, xəstəxanaya birlikdə getdik. Biz ora çatanda palatadaydı. Sayıqlayırdı. 3-4 saatdan sonra hamımız birlikdə çıxıb jandarmaya getdik. Orda bizə maşından çıxanları verdilər. Lakin qara torba içində olan əmanət ortaya çıxmadı. Dedilər, maşında pul görməmişik. Gedin maşınınızda axtarın. Maşına baxdıq. İçində heç nə yoxuydu. Maşın aşmışdı, yox gündəydi. Hadisə yerinə də baxdıq, bir şey çıxmadı".

Tofiq Musayevin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyyət olub. Ona görə də idmançının istintaqa verdiyi ifadə elan edilib.

O, istintaqda bildirib ki, qara torbanın içində 200 min dollar olduğundan xəbəri olub.

O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Bildirib ki, indi bəzi şeylər yadından çıxıb: "Turnirə hazırlaşıram, çəki salıram, bu dəqiqə fikrim ordadı".

Digər şahid Vüqar Kərəmov da K1 idman ustasıdır. O da dəfələrlə Avropada və dünyada qızıl medal qazanıb.

O, istintaqa ifadəsini təsdiqləyib: "Türkiyə getmişdik. Təyyarədən düşəndə Rövşən müəllim maşın götürdü. Ordan bir yerə getdik. Ordan Rövşən qara sellofana torba ilə qayıtdı. Otelə getdik, orda dedi ki, torbanın içində pul var. Sonra bizi otelə apardı. Çıxıb getdi. Xəbər gəldi ki, qəza törədib".

Dünya çempionu bildirib ki, xəstəxanada Rövşən Heybətovu görəndə sayıqlayırmış: "Ordan bir neçə saat sonra çıxıb jandarmaya getdik. Orda pulu tapmamışdılar. Dedilər, gedin özün axtarın".

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edib 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.


E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq, R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.


İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min dollar mənimsəməkdə ittiham edilib.


Lakin istintaq və məhkəmə dövründə Rövşən Heybətov 148 min dollar pulu qaytarıb.


Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.