Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Horadiz şəhərində Ağcabədi, Ağdam, Füzuli, Laçın və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Unikal.org xəbər verir ki, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.

Daha sonra Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib.