Beynəlxalq Mətbuat Mərkəzində rəsmi dövlət qəzeti "Azərbaycan"ın nəşr etdiyi "Xocalı şahidləri danışır" kitabının təqdimatı keçirilib.

Unikal.org xəbər verir ki, Xocalıda həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, redaktoru Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə «Azərbaycan» qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.

«Xocalı şahidləri danışır» kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.

"Xocalı şahidləri danışır" kitabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun «Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması» adlı məqaləsi ilə başlayır. Məqalədə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı keçirdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur. Qeyd edilir ki, Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi cinayətlər qədər dəhşətli soyqırımıdır. Məqalədə hazırda Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanır. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin başlatdığı hücumçu diplomatiyanın, Heydər Əliyev Fondunun fəaliyyətinin və «Xocalıya ədalət» kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

«Xocalı şahidləri danışır» kitabının özəlliyi ondadır ki, faktlar ancaq şahidlərin acı xatirələridən ibarətdir. 47 sakinin həmin gün yazılmış acı taleyi ilə tanış olduqca bir daha görürük ki, ermənilər xalqımıza qarşı soyqırımı cinayətlərini amansız qəddarlıqla törədiblər. Bütövlükdə, «Xocalı şahidləri danışır» kitabı Xocalı soyqırımının araşdırılması və nəticələrinin dünyaya tanıdılması prosesində dəyərli əyani vəsaitdir.

Qeyd edək ki, Kitabın təqdimat mərasimində ictimai-siyasi xadimlər, millət vəkilləri və müxtəlif KİV nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində çıxışlar olub.

Çıxışlara başlamazdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi sükutla yad elilib.

Tədbirdə çıxış edən Milli Məclisin Sədr müavini Bahar Muradova Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında görülən mühüm işlərdən danışıb. Bahar Muradova bildirib ki, bütün beynəlxalq təşkilatlarda qəbul olunmuş sənədlər bu genosidin tarixi reallığını sübuta yetirsə də, hələ də Xocalı qətlimına hüquqi səviyyədə cavab verilməyib. Tezliklə heç vaxt unudulmayacaq bu tarixi faciənin cavabdehliyini Ermənistan dövləti bütün dünya qarşısında öz üzərinə alacaqdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxışında tarix boyu Ermənistanın Azərbaycana olan ərazi iddialarına nəzər yetirib. Xocalı soyqırımını erməni siyasətinin cinayətkarlığının ən vəhşi təzahürü kimi qiymətləndirib.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar.

Tədbirdə "Azərbaycan qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Dürdanə Quliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.

Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.