Bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı qısametrajlı film çəkib.
 
Unikal.org-un məlumatına görə, 5 dəqiqəlik film Xocalı şəhidlərindən və onların ailə üzvlərindən bəhs edir. Filmdə sadəcə iki obraz var və hər iki obraz şəhid övladıdır. Onlardan biri imkanlı iş adamı, digəri isə həmin şəxsin işçisidir. Sonda məlum olur ki, hər iki şəxsin ataları Xocalı soyqırımı nəticəsində şəhid olub. İmkanlı iş adamı olan gənc isə atasının şəhidliyindən sonra atasının silah yoldaşları olan bütün şəhidlərin ailəsini himayəyə götürüb. Filmin ssenari müəllifi və layihə rəhbəri Zöhrə İsmayılova bildirib ki, qısametrajlı filmi çəkməkdə məqsəd Xocalı soyqırımını gənc nəslin yaddaşına həkk etmək, onu hər gün xatırlatmaq, erməni təcavüzündən əziyyət çəkən ailələri diqqətdə saxlamaqdır: "Bu kiçik yazı və film ilə demək istədiyim əsas odur ki, biz və bütün gənclik Xocalını yalnız fevralın 26-da deyil, hər zaman yad edəcəyik. Bir də onu qeyd etmək istəyirəm ki, "Silinməyən izlər adlı hekayə və əsərlər çoxdur. Sadəcə yalnız bu ad istədiyimiz mesajı verə bildiyi üçün bu adı seçdim.
 
Filmin rejissoru İlkin Sunayoğlu isə bildirib ki, ssenari ilə tanış olub və xoşuna gəlib: "Mənə təklif gəldi, ssenari ilə maraqlandım. Zamanımız az olsa da, bizə elə gəlir ki, bu qısametrajlı filmlə izləyicilərə nəsə çatdıra bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
 
Filmdə iş adamı olan şəhid övladı obrazını canlandıran aktyor Kənan Fərzəli filmə dəstək göstərən hər kəsə təşəkkür edib: "Filmə dəstək olan hər kəsə təşəkkür edirəm. Zaman az olduğu üçün texniki qüsurlar ola bilər, amma düşünürəm ki, ictimaiyyətə lazım olan mesajı çatdıra bildik. Filmin əsas qəhrəmanı obrazını ifa edən Əminə Cəfərli isə gənclərin bu cür faciələrə qarşı unutqan olmasından şikayətlənib: "Çox təəssüf ki, Xocalı, 20 yanvar, Zəhranın ölümü yalnız anım günlərində yad edilir. Filmdə çəkilərək mesaj vermək istəyirdim ki, bu faciələr təkcə bir gün deyil, hər gün ürəyimizdə yaşamalıdır. Necə ki, bir insanın əzizinin vəfatı hər zaman yad edilir. Xocalıda vəfat edənlər hər zaman qəlbimizdə yaşayacaq.