"Qədim Xocalı şəhərini erməni quldurları bir gecədə yerlə yeksan etdi. 613 şəhid verən Xocalı şəhəri tamamilə yandırıldı. Köməksiz qalan dinc sakinlər canlarını qurtarmaq məqsədilə soyuq qış gecəsində pərən-pərən düşdülər. Dünyanın gözü qarşısında baş verən bu soyqırımın cinayətkarları hələ də cəzasını almamışdır.

Bu sözləri Unikal.org-a Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib.
O hesab edib ki, Azərbaycan xalqının xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin sosial problemləri daim nəzarətdə saxlanıldı, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldü:
"Ölkə Prezidenti Cənab İlham Əliyev ulu öndərimizin siyasi xəttini layiqincə davam etdirir, məcburi köçkünlərin rifah halının yüksəldilməsi istiqamətində önəmli layihələrin, Dövlət Proqramlarının icrasını təmin edir. Bu gün xocalıları yaşadan, gələcəyə doğru ümid və inamla aparan ümummilli liderimiz Heydər Əliyevin ideyalarını davam etdirən ölkə başçısı Cənab Prezident İlham Əliyevin xocalılara göstərdiyi diqqət və qayğısıdır. Bu diqqət və qayğı gündəlik həyatımızda daim hissi olunur. Ölkəmiz gündən-günə inkişaf etdikcə Xocalı sakinlərinin də rifah halı yaxşıya doğru sürətlə dəyişir. Şəhid ailələri, Xocalı soyqırımında hər iki valideynini itirmiş "25-lər, müharibə veteranları, əlillər dövlətin verdiyi imtiyazlardan istifadə edirlər.

Cənab Prezident İlham Əliyevin Sərəncamları ilə təsdiq edilmiş qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramlarının icrası uğurla davam etdirilir. 250 mindən artıq məcburi köçkün üçün 100-ə yaxın şəhərciklər salınıb, qəsəbələr tikilib.

İcra başçısının müavini deyib ki, Xocalıdan olan məcburi köçkünlərin 43%-dən çoxu yeni mənzillərlə, fərdi yaşayış evləri ilə təmin olunub: 

"Xocalı sakinləri də yeni salınmış qəsəbələrinə köçürülmüşdür. Dövlət Proqramına əsasən, indiyədək Xocalı sakinləri üçün 6 qəsəbə salınıb. 2002-ci il 13 sentyabr tarixdə ulu öndər Heydər Əliyev Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı sakinləri üçün salınmış 650 evdən ibarət qəsəbənin açılışında iştirak edib. Qəsəbədə Xocalı şəhər 4 saylı tam orta məktəb, 3 â„–li Uşaq Musiqi məktəbi, Xocalı şəhər Nümayəndəliyi, poçt binası, Yanğından Mühafizə hissəsinin, Xocalı rayon İcra Hakimiyyətinin və digər qurumlarının binaları da bu qəsəbədə yerləşir.150 yerlik Yuxarı Ağcakənd qəsəbəsi 2003-cü ildə istifadəyə verilib. Yuxarı Ağcakənddə Xocalı şəhər 5 saylı tam orta məktəb, 3 saylı klub, Həsənabad Feldşer-Mama məntəqəsi fəaliyyət göstərir. 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən, yenidən qurulan Goranboy - Yuxarı Ağcakənd yolunun bərpa işləri yekunlaşmaq üzrədir. Qəsəbə sakinləri yolun bərpasını sevinclə qarşılayırlar. Yolun bərpası ilə əhalinin gediş-gəlişi asanlaşacaq, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan sakinlər hazırladıqları məhsulları bazara çıxara biləcək, bölgəyə gələn turistlərin sayı artacaq. Bununla da qəsəbə sakinlərinin rifah halı daha da yüksələcək.

Goranboy rayon Börü qəsəbəsinin tikilişi 2008-ci ildə başa çatıb. 130 evlik qəsəbədə 96 yerlik Cəmilli kənd tam orta məktəbi, Cəmilli İƏD-si üzrə Nümayəndəliyi, Cəmilli kənd Həkim Ambulatoriyası, Xocalı MKS-nin Cəmilli kənd filialı fəaliyyət göstərir. Meşəli qəsəbəsi 2009-cu ildə istifadəyə verilmişdir. Qəsəbə 100 evlikdir. Qəsəbədə Meşəli kənd İƏD-si üzrə Nümayəndəliyi, 96 yerlik Meşəli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Goranboy rayonu ərazisində 2011-2012-ci illərdə 688 yerlik məcburi köçkün ailəsi üçün salınmış 12 beşmərtəbəli yaşayış binası ölkə başçısının xocalılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Qəsəbədə Xocalı şəhər 1 saylı tam orta məktəb, 1 saylı Musiqi məktəbi, 1 saylı klub, Qaladərəsi Feldşer-Mama məntəqəsi fəaliyyət göstərir.

Gəncə şəhərinin Kəpəz rayonu ərazisində salınmış, noyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş 600 ailəlik qəsəbə bütün şəraitlə təmin edilmişdir. 60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev, müasir tələblərə tam cavab verən 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası və digər zəruri sosial-texniki infrastruktur yaradılıb. Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev bildirir ki, Kosalar kənd sakinləri Hacıkənd qəsəbəsində şəraitsiz vəziyyətdə, qəzalı evlərdə yaşayırdılar. Yeni qəsəbədə məskunlaşan Kosalar kənd sakinləri ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə edirlər.

Prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli Sərəncamının həyata keçirilməsi məqsədi ilə tələb olunan şərtlər əsasında rayon əhalisi arasından 6 nəfəri biznes planı Beynəlxalq Əmək Təşkilatının və Dövlət Məşğulluq Xidmətinin nümayəndələrindən təşkil edilmiş komissiya tərəfindən müsbət qiymətləndirilmişdir. Həmin şəxslərin biznes planlarına uyğun olaraq 3 nəfərin hər birinə 1 baş yanıbalalı inək, 1 baş boğaz düyə, 1 baş düyə, 2 nəfərin hər birinə kökəltmə üçün 4 baş dana, 1 nəfərinə isə 18 baş yanıbalalı qoyun verilmişdir.

Aşağı Ağcakənd qəsəbəsində xüsusi ayrılmış sahədə 5000 ədəd tut tingləri əkilmişdir. Gələn il üçün 500 kq barama istehsalı nəzərdə tutulub. Görülən tədbirlər qəsəbədə məskunlaşan əhalinin məşğulluğunun təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Prezident cənab İlham Əliyevin aqrar sənaye kompleksinin inkişafı sahəsində tapşırıqların icrasına dair 9 fevral 2017-ci il 28 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin etmək məqsədilə Xocalı rayonundada müəyyən işlər görülmüşdür. Belə ki, rayon əhalisi işğal altında olduğuna baxmayaraq, rayondan olan məcburi köçkünlərin kənd rayonlarının ərazisində və o cümlədən rayondan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdə məskunlaşmış əhalinin kənd təsərrüfatı ilə məşğul olmalarını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti başda olmaqla inzibati ərazi vahidləri üzrə icra nümayəndələri ilə birlikdə ardıcıl işlər həyata keçirilmişdir.

2017-ci ilin III rübü ərzində Xocalı rayonunda pensiyaçıların sayı 1444 nəfər olmuşdur ki, onlardan işləyənlər 149 nəfərdir. Əhaliyə dövlət tərəfindən verilən ayrı-ayrı müavinətlər 591 nəfər sakinə şamil edilmişdir. Dövlət tərəfindən əhaliyə verilən sosial müavinətlər 363 nəfər sakinə verilmişdir.

Xocalı sakinləri bu gün ölkə başçısı Prezident Cənab İlham Əliyevin apardığı siyasəti inamla dəstəkləyir. İnanırıq ki, tezliklə Qarabağı erməni işğalçılarından azad edəcəyik və tezliklə doğma yurd yerlərimizə qayıdacağıq, söndürülmüş ocaqlarımızı yenidən yandıracağıq. O zaman Cocuq Mərcanlıda başlanan "Böyük qayıdış layihəsi uğurla yekunlaşacaqdır.