Türkiyədə iş adamı əmisini öldürüb, qaçaq yolla Azərbaycana gələn şəxs tutulub.

Unikal.org xəbər verir ki, Konyada təxminən 1,5 ildir itkin düşən iş adamı Əbubəkr.K Azərbaycana qaçan qardaşı oğlu Abdullah K tərəfindən öldürüldüyü məlum olub.

Belə ki, iş adamının həyat yoldaşı Canan K, 16 avqust 2016-cı il tarixində Əbubəkr K-nin itkin düşməsi barədə Konya polisinə məlumat verib.


Yaxınları, Əbubəkr K-nin, son olaraq qardaşı oğlu və iş ortağı olan Abdullah K. (36) ilə görüşdüyünü deyib. Polis bu istiqamətdə istintaq işini davam etdirib.

Polisin araşdırması nəticəsində Abdullah K.-nin Azərbaycana qeyri-qanuni yolla keçib, 8 ay ölkəmizdə yaşaması məlum olub.

Abdullah K.Türkiyə polisindən heç bir xəbər olmadığı, barəsində cinayət işinin açılmamasından əmin olub, yenidən qaçaq yolla Türkiyəyə qayıdıb.

O, əvvəlcə Yalovada qalıb və daha sonra Konyada olan ailəsini görməyə gedib. Daha sonra Abdullah K, işini yenidən qurmaq üçün İstanbula gedib. Polis onun qaldığı evi müəyyən edib və saxlamağa müvəffəq olub.

Konyaya gətirilən və törətdiyi cinayəti etiraf edən Abdullah K əmisini yol kənarında basdırdığını etiraf edib:



"Əmim Əbubəkr K-yə 150 min manat borcum var idi. O, məndən borcu qaytarmağı tələb etdi və bundan sonra aramızda mübahisə düşdü. Cibimdəki tapançayla əvvəlcə onun iki ayağından güllələdim. O, mənə baxdı və "Uşaqlarım sənə əmanət. Onlara yaxşı bax dedi. Daha sonra alnından vurub, öldürdüm. Əynindəki paltarını çıxarıb yandırdım və sonra dərin yer qazıb onu basdırdım. Azərbaycana qaçana qədər əmimin basdırdığım yerə gedib, onun üçün dua etdim. Allahdan bağışlanmağımı dilədim".