Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum edən Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
Unikal.org xəbər verir ki, bunu APA-ya aaçıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Onun sözlərinə görə, faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, Bağırov Orxan Cahangir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə martın 2-də Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək ov tüfəngindən post istiqamətində atəş açıb. Daha sonra ona məxsus minik avtomobili ilə oradan uzaqlaşıb və Salyan şəhərində maşınla Salyan rayon polis əməkdaşı, 1982-ci il təvəllüdlü Dəmirov Raqib Həmdulla oğluna yüngül xəsarət yetirib.
Məlumata görə, qeyd edilən şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. O.Bağırov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.