Soyuq fevral günü, hər yer ağappaq, rəngsiz, solğun o anı yaşadımız hisslər kimi. Əslində yox! Yaşadığımız deyil, özümüzü orada təsəvvür etdiyimiz anlar kimi sob- soyuq, qan donduran, can titrədən, tük ürpədən. Hər şey nə qədər də bəsit! Toplam dörd və ya beş saat bəs edir qanlı əfsanəni can və ruh olaraq hiss etməyə, təəssüf keçirtməyə, ağlamağa, sızlamağa, yorulmağa. Cəmi bir neçə saat bir insanı bu cür yorğun və taqətsiz hala salırsa, illərlə bu ərazidə məcburən əsir olaraq saxlanılanların gücsüz, haldan düşmüş, candan bezmiş halını təsəvvür etmək mümkünsüzdür. 

Yol isə uzun, kilometrlərlə. Bu 1933-cü ildən sonra yəhudilərin bir millət olaraq fiziki və mənəvi olaraq məhv edilməsinə yönəlmiş bir təfəkkürün nəhəng torpaqlarda, Almaniyanın nəhəng ərazilərində zaman-zaman düzəldilməyə başlayan konslaqerlərin -ölüm düşərgələrinin yolu idi. Bu kimi əzazil, qorxunc və fəlakətli bölgələrə ilkin olaraq kommunistlər, sosial demokratlar, daha sonradan isə hərbi əsirlər, ictimai və siyasi fəaliyyətinə görə, səbəbləri çoxçeşidli olan (homoseksuallar,bordel qadınları, emmiqrantlar, dindar alimlər, sovet əsgərləri və digər qruplar, 1935) əmrlərlə dustaq edilən yəhudi və daha 28 dövlətin nümayəndələri daşınır,düşərgələrin girişində qeydiyyat olunur və yalnız qeydiyyatdan sonra kimin konslaqerdə əsir olaraq saxlanılacağına qərar verildikdən sonra talehsizin və ya talehlinin həyatının davamının necə gəlib gəlməyəcəyinə qərar verilirdi. 1933-cü il Hitlerin hakimiyyətə gəlişindən sonra bu vəhşətin ən hərarətli və acıverici dönəmlərini ilkin olaraq yəhudilər şəxsləri və həyatları üzərində hiss etməyə başlayır. Bu dəhşətdən əziyyət çəkənlərin yalnız az bir qismi amerikanın hərbi qüvvələrinin 1945-ci ildə əraziyə müdaxiləsi ilə azad oluna bilir...Və lakin, onları gözləyən birinin bəlkə də mövcud olmadığını, eyni talehi yaşadığını qəbul edərək...
(ŞƏKİL 3) Bu yazıda minlərlə konslaqerlərdən (KZ-Lager) yalnız biri və birincisi olan, Almaniyanın cənubunda yerləşən Daxauda (Dachau KZ-) yaradılan düşərgədə Teodor Aykenin komandanlığı ilə həyat yoxsa ölüm uğrunda mübarizə aparan 42 000 günahı bilinməyən insanın vəhşiyyət vadisində alçaldılaraq məhv edilməsindən gedir. Daxau əsir düşərgəsi sonradan bütün digər yaranan düşərgələr üçün bir model və bu qətliamı həyata keçirənlər üçün qatil məktəbinə çevrilir. Sonu puça doğru gedən ideologiyanın, təfəkkürün quluna çevrilmiş hərbçilərin əmrlərə tabe olaraq öldürdüyü milyonlarla yəhudinin yalnız bir hissəsinin məhv edilidiyi bu ərazi 2003-cü ildən yaradılaraq hal-hazırda illik 800.000 turistin baş çəkdiyi anım yerinə çevrilmişdir. KZ Daxau (Dachau) sərgisində minlərlə eksponat yaşananların ağırlığını mükəmməl şəkildə təlimlənmiş, tarixin incəliklərini bilən bələdçilərin dilindən müxtəlif dünya dillərində anlatmağa çalışır. 

Yəhudilərin aşağı təbəqə insan olaraq təqdim edildikdən və təqib edildikdən sonra gətirildiyi bu düşərgələr daha yaranmadan öncə nasional-sosialistlər tərəfindən iki minə yaxın qanun yəhudilərin əleyhinə işləməyə başlamışdı. Bu cür əks davranışlar- yəhudilərin ticarətinə baykot, tibbi sığortalarla yəhudi həkimlərin əməkdaşlığına son, ali təhsil müəssisələrində yəhudi saylarının illik 15.000 nəfərə qədər azaldılması, 1934-cü ildən isə yəhudilərin həkimlik imtahanından istisna edilməsi, əczaçılıq imtahanına buraxılmaması və s. qanunlar, növbəti illərdən isə çoxuşaqlı yəhudi ailələrinə verilən sosial yardımların kəsilməsi, yəhudilərin apteklərdə rəhbər vəzifə tutmaması, yəhudi müəllimlərin alman şagirdlərinə heç bir fərdi dərs vermə izni olmaması, yəhudilərin doktorluq müdafiəsinə və yəhudi mətbuatına qadağa, sinaqoqun dağıdılması və ildən-ilə daha da kəskinləşən davranışlar, qadağalar, qanunlar və "yəhudi problemində son həll adlanan faşizm ideologiyasının terroru idi.
Bu ideologiyaya görə "yaşamaq haqqı olmayan aşağı irqlərin nümayəndələri minlərlə ölüm düşərgəsindən biri olan Daxauya (Dachau) gətirilən andan etibarən ən ağır cəzalara məhkum olunurmuşlar. 

Düşərgəyə gətirilən əsirlərin qəbul məntəqəsində barmaq izləri alınır, fotoları çəkilir, fotolar çəkilərkən oturaq vəziyyətdə olan insanın iynə bədəninin alt hissəsini (oturaq yerini) deşir, o an isə fotosu çəkilən əsir ağrıdan ağzı-başı, gözü əyilmiş vəziyyətdə fotokameraya düşürmüş, bununla da sağlam insanlardan "heyvan insan, ruhi xəstə obrazı yaradılırmış. Zamanla da bu şəkillər mətbuatda yayımlanırmış. Növbəti mərhələdə bir insanın əlindən alına biləcək nə varsa, onlardan tək-tək alınırmış. Şəxsi əşyaları, sənədləri, saçları, adları alınaraq tam soyundurulub nömrələnir, azadlıqları, hüquqları alınaraq şəxsiyyətləri alçaldılırmış. Cəza alsınlar deyə bu insanların vücudlarında, hərəkətlərində, davranışlarında hər şey qüsur olaraq görülürmüş, ayaqqabınının çirkli olması, çox təmiz olması (bu zaman az işləmənin səbəbi kimi) düymənin əyri durması daxil, hər ən xırda dəyişiklik cəza almalarına vəsilə olurmuş. Onlar taqətdən düşüb ölənə qədər qul olaraq məcburi şəkildə silah-sursat istehsal edən müəssisələrdə muzdlu əməyə məhkum edilirlərmiş. Artıq taqətdən düşmüş, əmək qüvvəsi olmayan əsirlərin isə ölüm hökmü verilirmiş.
Cəzalar göydən stolbalara bərkidilmiş kəndirlərdən asılaraq tədbiq edilirmiş. Hər yüngül səhv bir neçə saat asılma ilə nəticələnirmiş. İnsanın iki qolunun arxadan göydən sallanaraq altından dayağının yıxırdılması çiyin oynaqlarının qırılmasına, qopmasına səbəb olurmuş. Bu cəza növünün ağrısı dözülməz olduğundan yarım saat ərzində qurban huşunu itirmiş, 4 saat ərzində isə ölüm yaxınlaşırmış. 

Düşərgənin mərkəzi terror yeri sayılan bunkerlərdə CƏZAlar bitməz, ağırlığı itməz, nəticəsi nəfəs kəsən olurmuş. Cəza alacaq əsirlər bəzən həftələrlə, aylarla qaranlıqlarda yeməksiz saxlanılırmışlar. 

Cəzalar o qədər çoxçeşidli imiş ki, onlardan bəziləri hətta cəmiyyətə çox normal olaraq, elm uğrunda aparılan vacib tədqiqatların bir hissəsi kimi olaraq təqdim olunurmuş. Çoxlu sayda tədqiqatçılar, doktorlar müxtəlif sınaq prosedurlarında əsirləri sınaq obyekti olaraq istifadə edir və nəticədə sadə bir tədqiqat işinin yüzlərlə insan həyatına son qoymasına gətirib çıxardan prosesləri həyata keçirdirmişlər. Bu cür elmi araşdırmalardan biri doktor Raşerin qəza zamanı uçaq pilotunun əynində hansı uniformanın onu xilas edə biləcəyi mövzusunu əhatə etdiyindən doktor tək bu sınağı ilə 200 insanın həyatına son qoyur, beləki əsirlər çox soyuq temperaturlu suya salınaraq üzərilərinə uniformalar geyindirilirmiş. Bir neçə dəqiqə və ya saatdan sonra sınaq şəxsləri soyuq sudan çıxarılırmış. Sudan çıxarkən və ölüm anı gələrkən bədən temperaturunun neçə dərəcə olması, ölümün sudan çıxandan sonra neçənci dəqiqədə gerçəkləşməsi və digər göstəriciləri araşdıran sınaqlar baş tuturmuş Sınaq zamanı bədən isitmə bordel qadınlarının da içlərində olduqları əsirlər istifadə olunurmuş.
Əsirlərin yaşadıqları məkanlar-baraklar...6000 əsir üçün nəzərdə tutulan baraklara sonrakı illərdə onminlərlə əsir əlavə olaraq gətirilir. Əsirlərin çoxluğu onlara verilən əmrlərin tam-tamlığında yerinə yetirilməsində əngəllər yaratmağa başlayır, belə ki, qaydaya əsasən əsirlər otaqlarını, şkaflarını və digər əşyalarını ifrat dərəcədə təmiz saxlamalı imişlər. Bu cür təmizliyi qoruyub saxlamaq isə öznövbəsində yan-yana yerləşən, arasında bir neçə santimetr məsafə olmayan insanlar arasında qeyri-mümkün olurmuş. 
Aclıqla, infeksion xəstəliklərlə mübarizə aparan və dözülməz şərtlər altında nəfəs almaq uğrunda can çəkişməsi aparan əsirlər ən sonda krematorium deyilən məkanda qazla boğularaq öldürülür, sonradan yandırılırdılar. 

Bu fəlakəti yaşayanların, əsirlikdən illər sonra qurtulanların hekayətləri ilə bu düşərgə bu günkü gündə faciə arenası olaraq yaddaşlara həkk olunmuşdur. Azad oluna bilən və ya oradaca həlak olan əsirlərin qohumları, nəvə və ya nəticələri bu günə qədər Daxau (Dachau KZ) anım yerinə kədər hissi ilə baş çəksələr də, bələdçilərin sözlərinə görə, onlar yüksək dərrakəyə, ağıla, möhkəm dözüm və səbrə malik olan intelliqent bir təbəqəni təmsil edirlər.

Sadist insanların həvəsləri, yoxsa ideologiya qullarının əmrlərə tabeçiliyi, nə idi bu faciəni törədən?! 

Günel Babayeva
Berlin Texniki Universitetinin doktorantı