"Vətən uğrunda döyüşüb əlil olan və şəhid ailələrinə diqqət və qayğı daha da artırılmalı və bu kateqoriyadan olan insanlar maddi cəhətdən heç bir çətinliklə üzləşməməlidirlər. Bu sözləri "Unikal qəzetinə müsahibəsində 124 saylı Şuşa-Fizuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Elman Məmmədov deyib.
-Elman müəllim, bu gün dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışardınız?
-Siz bir jurnalist kimi yəqin ki, münaqişə olan dövlətlərlə də maraqlanır və məlumatlar əldə edirsiz. Dünyada olan qaçqın-köçkün problemindən məlumatınız var. Mənə elə gəlir ki, siz bunları müqayisə etsəniz görərsiniz ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərə olan münasibət müsbət mənada dünyanın heç bir yerində təmin olunmur. Bu birmənalı olaraq belədir.
Məcburi köçkün kimi, bunu müqayisə etmək mənə çox asandır. Vaxtı ilə, icra başçısı və hazırda millət vəkiliyəm. Demək olar ki, bütün dünyada olan qaçqın və məcburi köçkünlərlə də maraqlanıram. Qəti qərarə gəlirəm ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərə göstərilən diqqət dünyanın heç bir yerində yoxdur. Avropalılar müsəlman ölkələrində nə qədər cinayətlər törədiblər. Bu gün müsəlman ölkələrinin əksəriyyətində müharibə ocaqları meydana gəlib və əhali pis şəraitdə yaşayır. Ölkələrində belə durumda yaşamaq istəməyib Avropaya gedən bir neçə yüz min insan var. Avropalılar onlara miqrant deyir. Nəyə görə?Məgər şərqi müsəlman ölkələrində baş verən məlum hadisələri Avropa ölkələrinin özü törətməyib? Əlbəttəki, özləri törədib. Bəs nəyə görə, Avropa bu insanlara miqrant deyir? Görün, Avropa bu insanların başına nə oyun açır! Bir hissəsini dənizdə batırıb öldürür, digər hissəsini tikanlı məftillərə keçirir və qalanların isə həbs etdirir. Məqsədləri isə bu insanların Avropa ölkələrinə keçib yaşamamasına icazə verməməkdir. Hələ bu insan hüquqlarından danışan Avropadır. Yəni şükürlər olsun ki, Azərbaycan bu istiqamətdə özünün qaçqın-köçkün kateqoriyasına aid olan vətəndaşları üçün çox yüksək səviyyədə işlər görüb. Azərbaycan dövləti gördüyü bu işlərlə də kifayətlənmir və bundan sonra da bu istiqamətdə daha uğurlu addımlar atacağını məqsəd kimi qarşısına qoyub.
-Hazırda məcburi köçünlərimizin nə kimi problemləri mövcuddur?
-Bilirsiz necədir? İstər məcburi köçkün olsun, istərsə də adi vətəndaş. Biz dünyaya gələndən həyatdan gedənə qədər irili-xırdalı hər zaman problemlərlə qarşılaşırıq. Yəni problem qurtaran məsələ deyil. Hamının özünə aid problemləri var. Həll olunan və yaxud həll oluna bilməyən problem var. Bu problemlər həmişə mövcud olur və olacaq da. Təbii ki, qaçqın və məcburi köçkünlərimizin həllinə ehtiyacı olan ən böyük problemi onların öz yurd-yuvalarından didərgin düşməsidir. Bəli, bizim ən böyük problemimiz onda həll olunacaqdır ki, öz doğma yurd-yuvalarımıza qayıdaq. Gündəlik həyatı problemlərimizə gəldikdə isə, burada da var, qoy orda da olsun və bizlə də yaşasın. Hesab edirəm ki, gündəlik problemlərimiz orda da tədricən həll olunacaqdır. Hazırda Dağlıq Qarabağ və ətraf rayonların problemlərinin həll olunması ümudi ilə yaşayırıq. Qayıdaq gedək ermənilərin uçurduğu, dağıtdığı, yandırdığı xarabalarımıza yiyə duraq və orda ocağımızı yandıraq. Qoy orda da gündəlik problemlərimiz və qayğılarımız çox olsun. Ancaq orda olaq.
-Məcburi köçkünlər arasında işsizlik məsələsi nə yerdədir?
-Azərbaycanda 1992-93-cü ildə məcburi köçkün kateqoriyasına aid olan insanların 80-90 faizi işsiz idi. Ancaq bu gün 80-90 faizi işləyir. Daha doğrusu işlə təmin olunub. Çox az bir hissəsi müəyyən səbəblər üzündən deyək ki, işsizdir. Ümumi respublika statistikası ilə götürsək 1990-ci illərdə işsizlik ən azı 60 faizə çatırdı, bu gün artıq 5 faiz həddindədir. Bu Azərbaycan vətəndaşı olan məcburi köçkünlərə də aid idi. İstənilən bir rayonu götürün. Görəcəksiniz ki, artıq orada inteqrasiya, adaptasiya var. Yəni məcburi köçkün hansı rayonda və ya kəndində məskunlaşıbsa yerli əhali nə işlə məşğuldursa, o da, həmin işlə məşğul olur. Heyvandarlıq, əkinçiliklə məşğuldursa məcburi köçkün də o işlə məşğul olur. Yəni biz kənar ölkədən gəlməmişik ki? Biz də Azərbaycan vətəndaşıyıq. İndi murdar düşmənlərin işğalı nəticəsində bölgəmizi dəyişmişik. Hesab edirəm ki, Azərbaycanda ayrıseçkilik, hər hansısa bir iş görmək üçün məhdudiyyət yoxdur. Hamı işləyir. Çox az bir əhali işsiz ola bilər. Qalan camaatın hamısı müvafiq işlərlə məşğuldurlar. Hətta iş qurmaq istəyən məcburi köçkünlər üçün dövlət tərəfindən müvafiq güzəştlər var. Məsələn, dövlət iş qurmaq üçün faizsiz kiçik kreditlər, subsidiyalar ayırır. İşləyən hər kəs də çox gözəl yaşayır.
-Bəzi məcburi köçkünlər işsizlikdən narazılıq edir. Misal üçün bir məcburi köçkün bildirdi ki, torpaqları işğal olunmamışdan əvvəl kəndində motoskilet sürməklə ailəsini yaxşı dolandırırdı. Hazırda "Mersedes markalı avtomobillə taksi xidməti göstərməsinə baxmayaraq ailəsini yaxşı dolandıra bilməməyindən şikayət edirdi. Bu məsələni necə müqayisələndirərdiniz?
-(Gülür) Sizcə motoskilet sürmək yaxşıdır, yoxsa bahalı maşın?. Sizin sualınıza cavab olaraq bildirirəm ki, məcburi köçkün düşmənin işğalı nəticəsində əmlakından mərhum oldu. Evindən-eşiyindən orada nəyi var idisə ondan məhrum oldu və gəlib Azərbaycanın başqa bölgəsində yaşayır. Bu ağlından, savadından, biliyindən, qoçaqlığından məhrum olmadı.Onu özü ilə yenidən bu bölgəyə gətirdi. Yəni, orda olanda da kimdə bacarıq, savad, zəhmətkeşlik var idisə onu burda da tədbiq etməyi bacarıb. Özünə ev alıb, maşın alıb, balalarını evləndirib. Yəni bir sözlə normal yaşayır. Kim orada tənbəl idisə, burada da tənbəldir. Kim qoçaq idisə, burada da qoçaqlıq edir. Əvvəllər bəzən bizə yerli əhali belə deyirdi: "Buna bax qaçqındır gəlib burda bahalı maşın da sürür! Bu çox gülməli fikirdir! Nə üçün? Biz ABŞ, Avropadan və yaxud Afrikadan gəlməmişik. Biz də Azərbaycan vətəndaşıyıq. Bizim də qabliyyətimiz, bacarığımız və zəhmətkeşliyimiz var. Biz də dişimizlə, dırnağımızla çalışıb ailəmizi dolandırırıq. Biz ələ baxımlığa öyrəşməməliyik. Gözləməməliyik ki, kimsə bizə nəsə gətirib verəcək. Zəhmət çəkib işləmək lazımdır. Bu gün də kim belə düşünürsə çox böyük səhv edir. İsətər adi vətəndaş, istərsə də məcburi köçkün bütün insanlar kimi eynidir.
-Təbii ki, düz deyirsiz. Bu gün dövlət tərəfindən məcburi köçkünlərimiz mənzillə təmin olunur. Bu barədə fikrinizi bilmək istərdik...
-Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından məhrum olan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Son illər də dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
-Gələcəkdə dövlət tərəfindən verilən müavinətlər dayandırıla bilərmi?
-Mənə belə gəlir ki, onların dayandırılması haqqında söhbət yoxdur. Hesab edirəm ki, gələcəkdə məcburi köçkünlərə verilən müavinətlərin məbləği də artırıla bilər. Bu barədə, cənab prezidentimiz özünün çıxışında qeyd edib ki, lazım gələrsə məcburi köçkünlərə verilən müavinətlər artırılacaq.
-Qarabağ veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışardınız...
- 1993-cü ildən başlayaraq bu kateqoriyadan olan insanlara dövlət tərəfindən müvafiq qayğı göstərilir. Mən özüm və iki oğlum Qarabağ müharibəsi veteranıyıq. Ancaq bir şeyi deyim. Bu mənim arzumdur. Mən bu təklifi parlamentdə də səsləndirmişəm. Təbii ki, yenə də səsləndirmək fikrim var, istəyirəm ki, vətən, torpaq uğrunda döyüşmüş, canını fəda vermiş və yaxud sağlamlığını itirmiş insanlara Hökmətimizin diqqət və qayğısı daha da yüksək olsun. Söhbət burda təkcə maddiyyatdan getməməlidir. Düzdür, maddiyyat da vacibdir. O insanların özlərinin və ailələrinin maddi imkanlarının yaxşı olması vacibdir. O torpaq uğrunda döyüşüb. Bunlara diqqət və qayğı yüksək, maddi təminatı da yaxşı olmalıdır. İkinci bir tərəfdən bunun çox böyük mənəvi tərəfi var. Nədir bu? Böyüyən uşaq baxmalıdır ki, qonşusu, qohumu vaxtı ilə torpaq uğrunda döyüşüb və dövlətimiz gör buna necə şərait qurub? Dövlətimiz ev, avtomobil və yüksək pensiya verir. Maddi təminatı yaxşıdır, güzəşt və səlahiyyətləri var. Yəni öz-özlüyündə götür-qoy etməlidir ki, torpaq uğrunda döyüşənlər unudulmur və hər zaman yüksək qiymətləndirilir. Onda böyüyən uşaqların vətənpərvərlik hissi daha da yüksək olacaqdır. Xüsusən şəhid ailələrinə bu gün dövlət tərəfindən imtiyazlar verilib. Ancaq bunun daha da yüksək olmasını arzulayıram. Şəhidlikdən böyük zirvə yoxdur. Şəhid ailələri maddi cəhətdən çətinlik çəkməməlidirlər.
-Bu kateqoriyadan olan insanlar bəzən məmurlar tərəfindən incidilir. Bu məmurlara nə demək istərdiniz?
-Bu gün bilirsiz ki, cəmiyyət də, insanlar da nöqsansız deyil. Eyni zamanda bu gün vəzifədə çalışan məmurlarımızın da hamısı nöqsansız deyil. Hələ də bu kateqoriyalı insanlara laqeyid münasibət "göstərən məmurlarımız var. Təbii ki, Qarabağ veteranı kimi, millət vəkili olaraq səlahiyyətim daxilində bu yöndə mənə edilən müraciətlərə diqqətlə yanaşır və əlimdən gələni edirəm ki, problem həll olunsun. Buradan çağırış edirəm ki, şəhid ailələrini və əlillərimizi aşağılayan məmurlarımız düz yola qayıtsınlar. Xüsusi ilə bu kateqoriyalı insanlarımızı incitməsinlər. Onların hüquqlarının pozulmasını aradan qaldırsınlar. Vətəndaşlarımız da bu kateqoriyalı insanlara diqqətlə yanaşsınlar. Çünki bu insanlar Vətən uğrunda döyüşüblər.
E.İbrahimov