Əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Rəşad İsgəndərovun cinayət işi üzrə məhkəmə başlayıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihamda göstərilir ki, Rəşad İsgəndərov ötən il Xəzər rayonu, Türkan qəsəbəsində birlikdə fəhlə işldiyi əmisi oğlu Pərviz İsgəndərovun ürək nahiyyəsindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisəyə səbəb isə söyüş olub. Hər iki əmioğlu spirtli içkinin təsirindən bir-birini söyüb. Bundan sonda Rəşad İsgəndərov əmisioğlunu öldürüb.
İttihama münasibət bildirən Rəşad İsgəndərov özünü tam təqsirli bilib.
O, məhkəmədə sərbəst ifadə verərək bildirib ki, Bakıya işləməyə gəlib: "Bizim hər ikimiz rayondan işləmək üçün gəlmişdik. Fəhləlik edib ailəmizi dolandırırdıq. Həmin gün nahar fasiləsində Pərvizlə içdik. Hər ikimiz sərxos idik. Aramızda mübahisə düşdü. Mübahisəyə səbəb onu mənə "mənim sənə çox xeyirim dəyib" söhbəti oldu. Mən bunun əksini dedim. Həmi vaxt mağazaya siqaret almağa gedirdik. Nar kəsmək üçün isə bıçaq üstümdə idi. Söyüş söydü. O da özündə deyildi, mən də. Bıçaqla onu vurmuşam. Yerə yıxıldı. Heç onda da bir şey bilmədim. Birdən özümə gəldim ki, mən neyləmişəm. Qonşuluqda olan Füzuliyə dedim, təcili yardım çağırsın. Əmimoğlu yerdə idi. Onun yanında durdum. Təcili yardım gələnə kimi Pərviz öldü. Polislər də gəlib, hadisə yerində məni saxladı. Çox peşmanam, özümdə olmamışam. Biz Pərvizlə qardaş kimi böyümüşük".
Daha sonra prosesdə zərərçəkmiş şəxsin atası Məzahir İsgəndərov dindirilib: "Rəşadın anası uşaq vaxtı ölüb. O gündən bizdə qalıb. Ona öz övladlarımdan fərqli baxmamışam". Məzahir İsgəndərov hadisədən xeyli sonra xəbər tutduğunu deyib: "Pərvizin xalası oğlu Zaur zəng elədi. Dedi, bəs belə bir hadisə baş verib. Bakıya gəldik. Hadisə yerinə getdim. Oğlumun can verdiyi yerə baxdım. Qonşularla, müstəntiqlə danışdım. Olan olmuşdu. Oğlumu geri qaytara bilmirdim".
Məzahir İsgəndərov qardaşı oğluna qarşı heç bir şikayət və tələbinin olmadığını deyib: "Bağışlayıram. Olan olub. Onun həddi-buluğa çatmış uşağı olsaydı, Rəşada göstərərdim, bala dağı nə olan şeydi. Allah mənə vaxt versin, onun çıxmağını gözləyirəm".
Hakimlər onun sözünü bu yerdə kəsiblər.
Şahidlər gəlmədiyindən proses martın 29-a qədər təxirə salınıb.
Qeyd edək ki, Rəşad İsgəndərova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilib.