Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi regionda əməkdaşlığın inkişafına və qaz mənbələrinin diversifikasiyasına xidmət edir.

Unikal.org xəbər verir ki, bunu "Azernews"a müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov deyib.

N.Mannapbekov deyib: "AİB-in əsas vəzifələrindən biri öz üzvləri arasında, o cümlədən enerji təhlükəsizliyinin təminatına ehtiyacı olan ölkələr arasında regional əməkdaşlığın dəstəklənməsidir. "Cənub Qaz Dəhlizi" məhz bu məsələlərə cavab verir. Biz hesab edirik ki, bu layihə dövlət üçün əlavə gəlir mənbəyi ola bilər və bu gəlirlər sosial proqramların reallaşdırılması və ya iqtisadiyyatın diversifikasiyası üçün istifadə oluna bilər. Layihənin başa çatmasından sonra azı 1800 daimi iş yerinin açılması gözlənilir".

Qeyd edək ki, AİB "Cənub Qaz Dəhlizi" QSC üçün bir milyard dollar məbləğində vəsaiti razılaşdırıb.

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritet layihələrdəndir və 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyədən keçməklə Xəzər regionundan Avropaya çatdırılmasını nəzərdə tutur.

Layihənin dəyəri 40 milyard dollardan çox təşkil edir.