Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.

"Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.