Bu gün birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb. Unikal.org xəbə verir ki, Türkiyə baş naziri Binəli Yıldırıma Bakı Forumunda məzmunlu çıxışına görə minnətdarlıq edən Azərbaycanın I vitse-prezidenti ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəvi olduğunu, Azərbaycanda bu münasibətlərə böyük hörmətlə yanaşıldığını bildirib.
Azərbaycan və Türkiyənin bir-birini beynəlxalq qurumlarda dəstəklədiyini qeyd edən M. Əliyeva Azərbaycan xalqının və dövlətinin bu dəstəyi hər zaman duyduğunu və yüksək qiymətləndirdiyini vurğulayıb. Birinci vitse-prezident hər iki ölkənin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihələrin həm region, həm də Avropa üçün önəmini diqqətə çatdırıb. Bildirib ki, bu layihələrin uğurunun təməlində dostluq və qardaşlıq münasibətləri dayanır. "Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələr qurulub. Bu əlaqələr gündən-günə möhkəmlənir deyən M. Əliyeva qeyd edib ki, ölkələrin birgə fəaliyyəti gələcəkdə də öz bəhrəsini verəcək.
Azərbaycanın I vitse-prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ölkəmizin ədalətli mövqeyini müdafiə etməsinə və dünya ictimaiyyətinə çatdırmasına görə minnətdarlığını bildirib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tezliklə həll olunacağına əminliyini ifadə edib. M. Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinə heç nəyin xələl gətirə bilməyəcəyini vurğulayıb.
Türkiyə baş naziri isə VI Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək Azərbaycanın Türkiyə üçün qardaş və dost ölkə olduğunu bildirib. "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir deyən Binəli Yıldırım qardaşlıq münasibətlərinin ildən-ilə daha da möhkəmləndiyini vurğulayıb. Bildirib ki, reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələri həm iqtisadi gücümüzü artırır, həm də ölkələrin bir-birinə yaxınlaşmasına xidmət edir. Binəli Yıldırım qarşılıqlı sərmayə qoyuluşlarının önəmini vurğulayıb, iş adamlarının fəaliyyətini yüksək qiymətləndirib. Türkiyə baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini bütün beynəlxalq qurumlarda hər zaman dəstəkləyəcəklərini söyləyib.