Regional sülh prosesini və Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcəyik.

"Unikal" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə görüşündən sonra özünün sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib. 

"Biz birgə komissiya iclasları vasitəsilə qardaş Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirməkdən məmnunuq. Möhtərəm Prezidentlərimizin rəhbərliyi altında Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimiz iqtisadiyyat, sosial siyasət, regional əməkdaşlıq sahələrində yeni üfüqlər açır. Avqustun 8-də Vaşinqtonda atılan tarixi addımdan sonra Cənubi Qafqazda davamlı sülh və sabitliyə olan ümidlərimiz daha da artdı. Məqsədimiz ümumi inkişafımızı, bəşəri əlaqələrimizi və qardaşlığımızı daha da gücləndirməklə regionumuzda sülhün, sabitliyin və rifahın hökm sürməsinə töhfə verməkdir", - o bildirib. 

Qeyd edək ki, A.Əliyev Türkiyədə səfərdədir. O, Prezident İqamətgahında C.Yılmazla görüşüb. Görüşdə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, nazir müavini Adnan Ertem də iştirak ediblər.