"İnanıram ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq. Mən bu ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm".
"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Ağ Evdə atılan imzalar Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirib: "Azərbaycan və Ermənistan sülh yolunda maneələri xeyli dəf edib və son mərhələyə çatıblar".
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla ətraflı danışıqlar apardığını xatırladıb və hər iki görüşdə İlham Əliyevin də, Paşinyanın da eyni mövqedə olduğunu bildirib.
Zəngəzur dəhlizi məsələsi ilə bağlı heç bir problem və ya fikir ayrılığının olmadığını vurğulayan Ərdoğan, İlham Əliyevin bu məsələdə daha arxayın olduğunu qeyd edib: "Xüsusən də ABŞ-yə səfərləri zamanı baş tutan görüş bu mövzuda atacaqları addımlarda həlledici amil oldu. Bölgəmizdə sülhün bərqərar olması ilə quru və dəmir yolları daha da aktivləşəcək, sərhəd qapıları açılacaq, bir çox sahələr, xüsusilə ticarətə müsbət təsir göstərəcək. Bu əməkdaşlıqdan yeni region ölkələrinin də yararlanması bizlərə də müsbət təsir göstərəcək. Aydındır ki, Rusiya və İran da narahatlıqlarının əsassız olduğunu anlayacaqlar".
Ağarza Elçinoğlu