Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin milli qəhrəmanı, deputat Nadejda Savçenko ilə bağlı Ali Radaya 3 təqdimat göndərib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, bu barədə baş prokurorun mətbuat katibi Larisa Sarqan "Facebookda yazıb. O bildirib ki, təqdimatlarda N. Savçenkonun cinayət məsuliyyətinə cəlb edilməsi, saxlanılması və həbsinə icazə verilməsi xahiş edilir.

Təqdimatdan əvvəl Y. Lutsenko Ali Radada çıxışında N. Savçenkoya qarşı istintaq tədbirləri görmək üçün deputatlara müraciət edəcəyini açıqlayıb. O deyib ki, N. Savçenko parlament zalında terror aktı həyata keçirməyi planlaşdırıb. Baş prokurorun sözlərinə görə, N. Savçenko əvvəlcə zala qumbaralar atmaq, daha sonra sağ qalan deputatlara avtomatla atəş açmağa hazırlaşırmış və bu barədə istintaqın əlində təkzibedilməz sübutlar var.

Xanım deputat bu gün səhər Ukrayna Təhlükəsizlik Xidmətində dindirilib. O, artıq Ali Radanın Milli təhlükəsizlik komissiyasının üzvlüyündən xaric edilib və milli qəhrəman adının da prezident tərəfindən ləğv olunacağı gözlənilir.

Qeyd edək ki, martın 8-də "Zabit korpusu adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda, təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. Nadejda Savçenkonun adı da məhz bu iş üzrə keçir.