VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Unikal.org xəbər verir ki, ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

-Forumun açılış sessiyasında və panel iclasları zamanı mənə müzakirələrin çox maraqlı və məhsuldar keçməsi barədə məlumat verildi. Əminəm ki, sizin təmaslarınız və qeydlərinizdən yaranan ideyalar bizim gələcək fəaliyyətimiz, onların xidmət etdiyi məqsədlər üçün çox dəyərli olacaqdır.

Mən bütün qonaqlarımızı Azərbaycanda görməkdən çox şadam. Mən çoxlu köhnə dostlarımı, həm fəaliyyətdə olan dövlət və hökumət başçılarını, həm də sabiq dövlət və hökumət başçılarını, uzun illər birlikdə işlədiyim rəhbərləri görürəm. Mən sizin ölkələrinizə səfərlərimi, sizin bizim ölkəmizə səfərlərinizi xatırlayıram. Bizim həqiqətən də çox yaxşı işçi münasibətlərimiz var idi və bu münasibətlər Azərbaycan və sizin ölkələriniz arasında daha sıx əlaqələrin qurulmasına çox kömək göstərib.

Bizimlə birlikdə olduğunuz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyiniz töhfə və dəstəyiniz üçün sizə təşəkkür edirəm. Əlbəttə ki, mən bir daha xanım Prezident Vike-Freyberqaya və cənab Serageldinə bizim ümumi amalımız üçün möhtəşəm, - fikrimcə, onların fəaliyyətinə belə qiymət vermək düzgün olardı, - töhfələrinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-FREYBERQA çıxış edərək dedi:

-Cənab Prezident.

Xanım Birinci vitse-prezident.

Əziz dostlar və həmkarlar.

Mən bizə göstərdikləri davamlı dəstəyə görə Prezidentə və Birinci vitse-prezidentə təşəkkürümü ifadə etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrinə qoşuluram. Ümid edirəm ki, VI Qlobal Foruma toplaşmış köhnə və yeni dostlarımız mənimlə razılaşarlar ki, bu, görüşlərin keçirilməsi, fikir mübadiləsi, dinlənilmək və digərlərini dinləmək üçün nadir bir məkandır. Fürsətdən istifadə edərək, mən, həmçinin bu Forumun ərsəyə gəlməsində çalışmış gənclərə də təşəkkürümü bildirmək istəyirəm. Bunun necə də böyük iş olduğunu təsəvvürünüzə gətirə bilərsiniz. Mən bizimlə öz təcrübələrinə başlayan, çox dəyərli təcrübəni əldə etmiş istedadlı gənclərə minnətdarlığımı bildirmək istəyirəm. Ümid edirəm, siz bu təcrübənin bəhrəsini görəcəksiniz.

Cənab Prezident, bizim burada çox nadir bir təşkilatımız olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi var. Bu, elə bir məkandır ki, burada bütün dünya ölkələrini təmsil edən müxtəlif hökumət rəsmiləri və burada adətən bir masa ətrafında təmsil olunmayan ölkələrin nümayəndələri dostluq ab-havasında görüşmək üçün bir araya gəlirlər. Bizə göstərdiyiniz yüksək qonaqpərvərliyə, xoş münasibətə və dəstəyinizə görə Sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk.

Xanımlar və cənablar, gəlin cənab Prezidenti alqışlayaq.

Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq altıncı dəfədir baş tutur və budəfəki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edilir.

Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.