Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu Arif Rəhimovun cinayət işi məhkəmə prosesi keçirilib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Arif Rəhimovun vəkili müvəkkilinə minimum cəzanın verilməsini xahiş edib.

Qalib Arif (Qalib Rəhimov) isə ona dəymiş zərərlə bağlı hər hansı iddiası olmadığını deyib: "Mənim maşınım əzilib, bir işdi olub. Təqsirləndirilən mənim oğlumdur, mən də zərərçəkənlərlə razılaşmaq üçün dəfələrlə cəhd etmişəm, amma razılığa gələ bilmədik. Ölən şəxslərə Allah rəhmət eləsin. Ədalətli hökm verməyinizi istəyirəm.

Digər zərərçəkmişlər isə Arif Rəhimova ağır cəza verilməsini istəyiblər.

Daha sonra hökm elan edilib. Arif Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Arif Rəhimovun 8 il azadlıqdan məhrum edilməsini təklif eləmişdi.

İttihama görə, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado markalı avtomobilə vurub, daha sonra idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin "Opel markalı avtomobinə çırpılıb.

Füzili Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, Arif Rəhimov və 1 sərnişin xəstəxanaya yerləşdirilib.

Arif Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xatırladaq ki, qəzanın səbəbkarı olan Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğludur. Hadisə Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.