Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, prosesdə M. Şəmsiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, F. Ulutürkə dəyən ziyanı ödəyəcəyini qeyd edib.

İş üzrə digər zərərçəkmiş şəxslər də dindirilib.

İttihama görə, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib.

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.