Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası baş tutub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, ilk olaraq prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur.
MSK Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib.
Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasına baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil.
MSK məsələni səsə qoyaraq qəbul edib və T. Abbaslının namizədliyi qeydə alınmayıb.
İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə də baxılıb.
MSK Ə. Əliyevin namizədliyi də qeydə almayıb.
Bununla da namizədlərin qeydə alınması başa çatıb.