Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən keçirilən VI Qlobal Bakı Forumunun bağlanış mərasimi keçirilib.
Unikal.org-un məlumatına görə, mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eks-prezidentlər və eks-baş nazirlər, siyasətçilər iştirak edib.
Çıxış edən NGBM həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa forumun uğurla işini başa vurduğunu və builki forumun əvvəlki forumlardan daha məhsuldar keçdiyini bildirib.
Moldova prezidenti İqor Dodon üçgünlük forumun olduqca yüksək səviyyə keçdiyini bildirib: "Forumun təşkilatçılığına görə və məni dəvət etdiklərinə görə başda dostum Azərbaycan prezidenti cənab İlham Əliyev olmaqla bütün təşkilatçılara minnətdarlığımı bildirirəm. Forumda müzakirə olunan mövzuların qlobal əhəmiyyətini nəzərə alsaq, baş tutan dialoqlar olduqca səmərəli, məhsuldar oldu. Dialoq bütün hallarda şans verir ki, bütün mövzular üçün gərginlik aradan qalxsın. Azərbaycanda baş tutan qlobal dialoqlar beynəlxalq gərginliklərin azaldılmasına töhvə verir.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, NGBM Qəyyumlar Şurasının sədri Nazim İbrahimov isə bildirib ki, NGBM missiyasını başlayan zaman təsəvvür etmək olmazdı ki, qısa müddətdə bu dərəcədə beynəlxalq miqyasda uğur qazanacaq. Komitə sədri bildirib ki, Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir platformaya çevrilib: "Azərbaycan bu foruma böyük əhəmiyyət verir. NGBM forumu təşkil etməklə qlobal miqyaslı problemlərin müzakirəsinə, həlli yollarının tapılmasına öz töhfəsini verir. Forum həm Azərbaycanın həqiqətən tolerant bir ölkə olduğunu, multuklutral dəyərlərə xüsusi əhəmiyyət verdiyini bir daha isbatlayır.
NGBM həmsədri İsmayıl Seragəldin isə qeyd edib ki, bu forumda kifayət qədər ciddi əhəmiyyətə malik olan, dünyanın aparıcı mütəxəssislərinin, alimlərin diqqət verdiyi məsələlər müzakirə olunur.
Mərasim bədii hissə ilə davam edib.