Bu gün Rusiya Federasiyasında ilin əsas siyasi hadisəsi baş verir - prezident seçkiləri keçirilir. Ali dövləti vəzifə uğrunda 8 namizəd - Serqey Baburin ("Rusiya ümumxalq ittifaqı partiyası), Pavel Qrudinin (Rusiya Federasiyasının Kommunist Partiyası), Vladimir Jirinovski (Rusiya Liberal-Demokratik Partiyası), Vladimir Putin (müstəqil namizəd), Kseniya Sobçak ("Vətəndaş təşəbbüsü), Maksim Suraykin ("Rusiya kommunistləri), Boris Titov ("Partiya rosta) və Qriqori Yavlinski ("Yabloko) mübarizə aparır.
Unikal.org azərtac-a istinadən xəbər verir ki, builki seçkilərdə 108 milyondan çox seçici qeydiyyata alınıb. Rusiya Federasiyasının Konstitusiyasına əsasən, dövlət başçısı altı illik müddətə seçilir.
Bütün Rusiyada və xaricdə yaradılmış seçki məntəqələri Moskva vaxtı ilə səhər saat 8:00-dan saat 20:00-dək işləyəcəklər. Səsvermə günü dünyanın 145 ölkəsində 378 seçki məntəqəsi açılıb. Azərbaycanda yaradılmış seçki məntəqəsi Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin konsulluq bölməsinin binasında fəaliyyət göstərir. Azərbaycanda daimi əsasda yaşayan, həmçinin ölkəmizdə müvəqqəti olan Rusiya vətəndaşları bu seçki məntəqəsində səs verirlər.
Rusiya Federasiyasının ölkəmizdəki müvəqqəti işlər vəkili Oleq Muraşev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanda yaradılmış seçki məntəqəsində seçicilərin yüksək fəallığı müşahidə olunur. O.Muraşev deyib: "Çox sevindirici haldır ki, öz siyasi iradəsini bildirmək istəyən insanlar çoxdur. Saat 11:00-dək 340-dan çox seçici səs verib. Əminəm ki, günün sonuna kimi bu rəqəm dəfələrlə artacaq. Seçkilərin təşkilinə və keçirilməsinə göstərilən dəstək üçün Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkür etmək istəyirəm.