İranın parçalanması gündəmə gəlir
12:44 17-08-2012
İQTİSADİYYAT
İranın parçalanması gündəmə gəlir
Cənubi Azərbaycan üçün perspektivlər açılır
Zahiri tanımanın iç üzü
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan edəndən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də İran İslam Respublikası oldu. Və o zaman İranın bu addımını çoxları sadəlövhlüklə qarşıladı. Bizim bu sadəlövhlüyümüzün ardından isə İrandan yenicə müstəqillik qazanmış Azərbaycan dövlətinə sistemli şəkildə ideoloji ixracatlar başladı. Təsbehli mollalar, təsbehsiz ettelatçılar Azərbaycanın kəndlərinə, qəsəbələrinə, şəhərlərinə axışdı. Bu, əsil çəyirtkə basqınına bənzəyirdi. Və bu gələnlər özləri ilə İran İslamını (bundan başqa münasib ifadə tapa bilmədik) gətirmişdilər.
İranın həmin dövrdə Azərbaycana qarşı yürütdüyü siyasətin taktiki məğzi çox sadə idi: dövlət müstəqilliyimizi tanımaması halında Azərbaycanda İrana qarşı güclü antipatiya yarana bilərdi və İran tanıma addımını atmaqla İran İslamını, daha dəqiqi, İranın dövlət siyasətini ölkəmizdə sərbəst şəkildə yaymaq və şüurlara yeritmək üçün yaxşı bir şans qazandı.
Amma İran eyni o zamanda altdan-altdan Azərbaycanla müharibə aparan Ermənistana güclü şəkildə yardıma başladı. İranın missionerləri Azərbaycana təsbeh gətiridilər, Ermənistana isə yanacaq, ərzaq və hətta hərbi sursat göndərirdilər.
Məqsəd də aydın idi: yenicə müstəqillik qazanmış Azərbaycanı bir dövlət kimi beşiyindəcə boğmaq. Və təbiidir ki, o zaman İrandan ölkəmizə gələn missionerlər fikirlərini qətiyyən gizlətmir və vətəndaşlarımızla söhbətlərində Azərbaycanı tarixi iranın şimal əyaləti kimi hallandırırdılar. (Və bu məqamda ən ağrılısı o idi ki, bu təbliğatı aparanlar doğmaca Azərbaycan türkcəsində danışırdılar! )
Necə deyərlər, iranlı təbliğatçılara elə gəlirdi ki, Azərbaycan artıq qurdlar süfrəsinə qoyulub və bu bölüşdürmədən, pay-püşk etmə prosesindən onlar da öz paylarını götürməlidirlər, yəni ermənilərlə, ruslarla farsların maraqları tam şəkildə üst-üstə düşürdü. Marağın konkret məzmunu isə Azərbaycan ərazisinin Ermənistan, Rusiya və İranın arasında bölüşdürlməsindən ibarət idi. Həmin xəyali plana görə, Naxçıvan, Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistana, ölkənin şimal bölgəsi Rusiyaya, cənub bölgəsi isə İrana qalırdı.
(Əziz oxucu, ölkəmizin insanları olaraq bir-birimizin siyasi baxışlarında nələrisə bəyənəməyə bilərik və bu, çox güman ki, belə də olmalıdır – bir toplum kimi inkişafmızın xatirinə... Amma Azərbaycanda çoxları hələ də təsəvvür etmir ki, bütün itkilərimizə və faciələrimizə, sərt qarşılıqlı ittihamlarımıza baxmayaraq biz bir xalq kimi 1991-1994-cü illərdə hansı təhlükələri yollardan birgə keçə bilmişik və bu dövləti qorumuşuq. Bu bizim şərəf tariximiz olub!)
Dəyişən geopoltik
gerçəklik və yaxud İran qurdlar süfrəsində
Hazırda isə regionda situasiya dəyişilib. İranın məlum nüvə proqramı çözülməz bir ilgəyə çevrilib öz boğazına keçib və İran bu ilgəyin darlığında boğulmaqdadır.
Və şərait elə gətirib ki, artıq Cənubi Azərbaycan qlobal güclər tərəfindən fars şovnizmi və eksponsionizmini cilovlaya biləcək qüvvə kimi nəzərdən keçirilə bilər.
İranın nüvə silahı ətrafındakı problemlərinin böyüməsi və Tehranla beynəlxalq birlik arasında gərginliyin artması ilə Cənubi Azərbaycan məsələsini yenidən gündəliyə gətirmək, ən azı müzakirə mövzusuna çevirmək cəhdləri nəzərdən qaçmır. Bir müddət əvvəl amerikalı konqresmen Deyn Rorabaher Vaşinqtonu cənubi azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırması və bununla bağlı dövlət katibi Hillari Klintona məktub yazması barədə məlumatlar yayıldı. Bunun ardından BBC mediakorporasiyası bu günlərdə yenidən Azərbaycanın iki yerə parçalanması ilə bağlı material hazırladı.
Qərbdə Cənubi
Azərbaycan məsələsinə ehtiyatla yanaşırlar
İran ətrafında cərəyan edən proseslər kontekstində Cənubi Azərbaycan məsələsinin gündəliyə gətiriləcəyi gözlənilən idi və sürpriz olmadı. Güman etmək olar ki, İranın vurulması, yaxud, Tehran rejiminin çöküdürülməsi ssenariləri aktuallaşdıqca ABŞ və Avropa siyasi dairələri, tədqiqat mərkəzləri Cənubi Azərbaycan və burada yaşayan azərbaycanlılara diqqət çəkməyə çalışacaqlar. Hələlik, biz sadəcə Azərbaycanın Rusiya İmperiyası və İran arasında bölüşdürüldüyünü və cənubi azərbaycanlıların hüquqlarının tapdanması barədə ümumi xatırlatmaları və qeydləri müşahidə edirik.
Eyni zamanda bu məsələlər Qərb ölkələrinin bilavasitə xarici siyasətə məsul rəsmilərinin dili ilə deyil dolayısı ilə səsləndirilməkdədir. Bu isə onu deməyə əsas verir ki, Qərbdə bu məsələyə ehtiyatla yanaşırlar və mümkün qədər konkretlikdən qaçmağa çalışırlar. Güman etmək olar ki, Suriyadakı proseslər Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnsə və Tehranla hər hansı kompromis əldə olunmazsa, yəni iranlılar əhəmiyyətli güzəştlərə getməzsə Cənubi Azərbaycan məsələsi İranda rejim dəyişikliyi planlarının tərkib hissəsi kimi real olaraq nəzərdən keçirilə bilər. Təsadufi deyil ki, Cənubi Azərbaycan məsələsi dolayısı ilə də olsa məhz Bəşər Əsəd rejiminin sonuna yaxınlaşdığı məqamda səsləndirilməyə başlanılıb.
Cənubi Azərbaycana müstəqillik
verilə bilərmi?
İranla dünya birliyi arasında münasibətlər gərginləşdikcə və Tehran rejiminə təzyiqlər artdıqca Cənubi Azərbaycanın müstəqil olması perspektivləri daha fəal müzakirə edilir. Müxtəlif ehtimallar, daha çox isə arzular səsləndirilir. Bununla belə, Cənubi Azərbaycanın müstəqil olması ilə bağlı nikbinlərlə şərik olmağa ciddi əsaslar yoxdur. Hələ ki, Qərb ölkələrində Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı müzakirələr aparıldığı, ehtimalların nəzərdən keçirildiyi ilə bağlı məlumatlar yoxdur. Şübhəsiz ki, İranla, bu ölkədəki rejim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi zamanı Cənubi Azərbaycan amili mütləq və mütləq nəzərdən keçirilir. Bunsuz sadəcə mümkün deyil. Nikbinlərə qulaq verərək ehtimal edək ki, hətta analitik mərkəzlər, kəşfiyyat qurumları müxtəlif variantlar sırasında Cənubi Azərbaycanın müstəqillik əldə etməsini, İranın parçalanmasını da çox ciddi şəkildə götür-qoy edirlər. Lakin bu yalnız variantlardan biridir və onun prioritetlik qazanması üçün çox ciddi əsaslar olmalıdır. Eyni zamanda bu İranda dəyişikliyə çalışan güclərin strateji maraqlarına cavab verməlidir. ABŞ və Avropanın aparıcı ölkələrinin strateji planları və yanaşmaları ilə bağlı açıqlamalar, çıxışlarda, məqalələrdə İranın parçalanması, yaxud Cənubi Azərbaycanın müstəqilliyi barədə hər hansı eyhama belə rast gəlməmişik.
Digər tərəfdən tarixə nəzər salsaq görərik ki, İranın parçalanması, yaxud Cənubi Azərbaycanın müstəqilliyi qlobal güclərin strateji planlarında olmayıb. Əksinə hər dəfə Cənubu Azərbaycanda müstəqil dövlət qurulanda Tehrah rejiminə dəstək verilib. Şeyx Məhəmməd Xiyabani hərakatının, Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatının süqut etməsi Tehran rejiminə ciddi xarici dəstəyin verilməsi ilə mümkün olub. Həmçinin, Müsəddiq hökumətinin devrilməsi də xarici qüvvələrin birbaşa iştirakı və müdaxiləsi ilə həyata keçirilib.
Bütün bunlar göstərir ki, Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı məsələdə hisslərdən çox soyuq mühakiməyə, dərin analizə üstünlük verilməlidir.
Cənubi Azərbaycan
üçün perspektivlər
Bununla belə unutmaq olmaz ki, Cənubi Azərbaycan İrandakı proseslərə yön verə biləcək amildir. İraq, Misir, Liviya, nəhayət Suriyada baş verənlər göstərir ki, Yaxın Şərqdəki proseslər müəyyən şablon üzrə həyata keçirilir. Ölkə daxilində istinad edilə biləcək qüvvə tapılır, yaxud formalaşdırılır. Sonradan bu qüvvənin təsiri ilə daxili proseslər yönləndirilir. İraqda belə qüvvə kürdlər, Misirdə əsasən “Müsəlman qardaşlar”, Liviyada Qəzzafini hakimiyyətdən salmaq istəyən tayfalar, Suriyada isə sünni çoxluq və kürdlər oldu. İranda isə dəyişikliyə yol aça biləcək proseslərdə aparıcı rolu cənubi azərbaycanlılar oynaya bilər. Xüsusən son illərdə Cənubi Azərbaycanda keçirilən etiraz aksiyaları göstərdi ki, kritik məqamlarda cənubi azərbaycanlılar təşkilatlanmağa və meydanlara çıxmaq iqtidarındadırlar. Şübhəsiz ki, İranla bağlı Misir və Suriyadakına bənzər proseslərə start verilməsi planlaşdırılarsa ilk növbədə nəzərlər Təbrizə yönəlir.
Cənubi Azərbaycan elitası və mümkün etiraz aksiyalarına rəhbərlik etmək iddiasında olan qüvvələrin də potensialından çox şey asılıdır. Misirdə “Müsəlman qardaşları” çox ağıllı siyasət yürütdülər və nəhayaət istəklərinə nail oldular. Yenə keçmişə nəzər salaraq qeyd etməliyik ki, Cənubi Azərbaycan elitası növbəti dəfə “qurbanlıq qoyun” olmaq təhlükəsini hər zaman diqqətdə saxlamalıdır. Dünyaya praqmatiklər öz iradələrini diktə edirlər və böyük siyasətdə azərbaycanlılara xas sentimentallığa yer yoxdur. İraq təcrübəsi göz qabağındadır və yenidən aldadılmaq təhlükəsi də realdır.
Cənubi Azərbaycan elitası, siyasi qüvvələri düzgün strategiya seçsələr və qərarlar versələr, İranın gələcək şəkilləndirilməsində əhəmiyyətli rola və təsirə malik ola bilərlər. Böyük ehtimalla İranın növbəti dəfə asi dövlətə çevrilməməsi üçün qlobal güclər ölkədaxili qüvvələrin müəyyən tarazlığına nail olmağa calışacaqlar. Bir qütbün tam hegemonluğuna çətin ki, imkan verilsin. Cənubi Azərbaycan bu baxımdan fars şovnizmi və eksponsionizmini cilovlaya biləcək qüvvə kimi nəzərdən keçirilə bilər.
Şübhəsiz ki, İranla bağlı proseslər barədə indidən proqnozlar vermək heç bir real əsası olmayan uzaqgörənliyə iddia etmək olardı. Bununla belə indidən müxtəlif ssenari və ehtimalların təhlili, müzakirəsi gələcək proseslərdə düzgün qərarlar qəbul etməyə yardımçı ola bilər.
Zaur
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35